AZ

Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət Bakıda 15 minə...

ain.az bildirir, Bakupost portalına istinadən.

Qəbir yerlərinin pulla satılması uzun illərdir müzakirə edilən mövzulardandır. Xüsusilə Bakıda əksər qəbiristanlıqlarda yerlərin yüksək məbləğlərə təklif olunması insanların haqlı narahatlığına səbəb olur. Vətəndaşlar hesab edir ki, dəfn sahələri vətəndaşlara pulsuz təqdim olunmalıdır.

Qanunvericiliyə görə vətəndaşa dəfn üçün torpaq sahəsi pulsuz verilməlidirmi? Gələcəkdə bu sahədə dəyişiklik edilərək qəbir yerlərinin tam ödənişsiz təqdim olunması mümkündürmü?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov bu məsələ bir qədər dini və mənəvi yanaşma tələb edən həssas mövzudur deyib.

“Dinimizə görə qəbir yeri alver predmetinə çevrilməməli, dəfn yerləri insanlara pulsuz təqdim olunmalıdır. Qanunvericiliyə əsasən də vəfat edən hər bir vətəndaşın dəfn olunması üçün dövlət tərəfindən yer ayrılır. Bu sahəni əsasən bələdiyyə qurumları tənzimləyir. Məlum olduğu kimi, illər əvvəl Bakı və ətraf qəsəbələrdə yerləşən qəbiristanlıqların idarə olunması bələdiyyələrin balansına verilib. Lakin hazırda bəzi ərazilərdə qəbir yerlərinin 800 manatdan başlayaraq 2-3 min, hətta 15-20 min manata qədər satılması ilə bağlı iddialar var. Belə görünür ki, bəzi hallarda fərdi şəxslər və ya işbazlar bu vəziyyətdən istifadə edərək qəbir yerlərini alıb sonradan daha baha qiymətə satışa çıxarırlar. Bu isə xüsusilə maddi imkanı zəif olan ailələr üçün ciddi problem yaradır. İnsanlar yaxınlarını yaşadıqları əraziyə yaxın qəbiristanlıqda dəfn etməkdə çətinlik çəkirlər”.

M.Rüstəmovun fikrincə, məsələnin bu həddə çatması artıq hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının nəzarətini zəruri edir:

“Çünki burada həm sui-istifadə, həm də şəffaflıq problemi olduğu görünür. Vaxtilə torpaq və fərdi ev məsələlərində də bənzər hallar yaşanmışdı. Bələdiyyələrin özbaşına torpaq satışı nəticəsində illərlə sənədsiz ev problemi yarandı və sonradan dövlət müdaxilə edərək bu prosesə məhdudiyyət qoydu. Görünür, oxşar vəziyyət indi qəbiristanlıqlarla bağlı da ortaya çıxır. Bu baxımdan ən uyğun modellərdən biri Türkiyə təcrübəsi hesab oluna bilər”.

Ekspertin sözlərinə görə, Türkiyədə dəfn prosesi əsasən bələdiyyələr tərəfindən tam şəkildə təşkil olunur:

“Qardaş ölkədə dəfn yeri, xidmətlər və digər prosedurlar vahid qaydada və daha şəffaf formada həyata keçirilir. Vətəndaş əlavə maddi yük altında qalmır. Məncə, Azərbaycanda da bu istiqamətdə daha şəffaf və mərkəzləşdirilmiş sistem qurulsa, həm sui-istifadə hallarının qarşısı alınar, həm də insanlar arasında sosial bərabərlik təmin olunar. Çünki bu məsələ maddi yox, insani və mənəvi məsələdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
www.bakupost.az

2Mənbələr