Avropa futbolunda həftəsonunun mərkəzi matçında "Barselona" öz meydanında əzəli rəqibi "Real Madrid"i qəbul edəcək.
Redaktor.az xəbər verir ki, bu qarşılaşmada "Barselona" məğlubiyyətdən yayınacağı təqdirdə İspaniya çempionluğunu rəsmən elan edəcək. Hazırda turnir cədvəlinə 88 xalla rəhbərlik edən "katalonlar" ikinci pillədəki "Real Madrid"i xeyli qabaqlayır.
Lakin "El Klassiko" öncəsi Madrid klubunda gərginlik pik həddə çatıb. Komandanın ulduzu Kilian Mbappenin zədəli olduğu müddətdə İtaliyaya səyahət etməsi və baş məşqçi Alvaro Arbeloa ilə mübahisəsi klub daxilində atmosferi pozub. Azarkeşlər fransız hücumçunun komandadan göndərilməsi üçün artıq 10 milyondan çox imza toplayıblar.
Vəziyyət bununla da bitməyib; məşq zamanı Federiko Valverde və Aurelien Çouameni arasında baş verən dava fiziki qarşıdurma ilə nəticələnib. Kəllə-beyin travması alan Valverde "El Klassiko"nu buraxmalı olacaq. Hər iki futbolçu klub tərəfindən 500.000 avro məbləğində cərimələnib.
Qeyd edək ki, bu, tarixdəki 264-cü rəsmi "El Klassiko" olacaq. Statistikaya görə, "Real Madrid"in 107, "Barselona"nın isə 105 qələbəsi var. "Kral Klubu" bu mövsümü kuboksuz başa vurmaq təhlükəsi ilə üz-üzə qalsa da, əsas motivasiyası rəqibinin erkən çempionluq bayramına mane olmaqdır.
Aminə ŞAHSUVARQIZI