BAKI, TurkicWorld
Məhəmməd Rəşid Rza, 27 cəmaziyələvvəl 1282 (18 oktyabr 1865) tarixində bugünkü Livan sərhədləri daxilində yerləşən Trablusşam yaxınlığındakı Qələmunda doğulub. Atası Əli Rza, İraq əsilli olub, Həzrət Hüseynin soyundan gəldiyi üçün seyyid və ya Hüseyni kimi tanınan hörmətli bir ailəyə mənsubdur. Rəşid Rza, Trablus Rüşdiyyəsində bir illik təhsildən sonra Hüseyn əl-Cisrin müəllimlik etdiyi, proqramında müasir elmlərin də yer aldığı "əl-Mədrəsətü’l-vətəniyyə"də oxuyub.
Bundan əlavə, fərdi çalışmalarla özünü yetişdirməyə səy göstərib. Xüsusilə Qəzalinin "İhyau ulumi’d-din" əsəri ilə məşğul olub və ondan çox təsirlənib. Cəmaləddin Əfqani və Məhəmməd Abduhun sürgündə ikən çıxardıqları "əl-Urvətü’l-vüsqa" jurnalı ilə tanış olması fikir həyatında bir dönüm nöqtəsi olub. Jurnaldakı yazılar öz ifadəsi ilə onu “elektrik kimi” vurmuş və aydınlatmışdı. Əfqani ilə görüşmək fürsəti tapa bilməsə də, Abduhla ilk Livan sürgünü zamanı (1882) tanış olub; daha sonra onun Parisdən qayıtdıqdan sonra 1889-cu ilə qədər məskunlaşdığı Beyrutdakı dərslərinə qatılıb və yaxın tələbəsi olub. Abduhun təsiri ilə islahat düşüncəsini mənimsəyib; onun izi ilə elm və nəşriyyat fəaliyyətlərinə qatılmaq üçün Misirə gedib; 8 rəcəb 1315-ci ildə (3 dekabr 1897) İskəndəriyyəyə, 23 rəcəb 1315-ci ildə (18 dekabr 1897) Qahirəyə çatıb.
Qahirədəki ilk fəaliyyəti müəllimini çətinliklə razı salaraq "əl-Mənar" jurnalını çıxarmaq olub. Məhəmməd Abduh jurnallarda daha çox siyasi məsələlərə etibar edildiyini, həmçinin Misirdə nəşr olunan "əl-Müəyyəd", "əl-Muqəttəm", "əl-Əhram" kimi güclü jurnallar qarşısında bunun tab gətirə bilməyəcəyini söyləsə də, Rəşid Rza islahat xəttində bir jurnala olan ehtiyac mövzusundakı israrını davam etdirib və nəticədə tərəf tutmamaq, polemikaya girməmək və rəsmi şəxslərə xidmət etməmək şərti ilə müəllimindən təsdiq alıb. Rəşid Rza jurnalda Abduhun danışıq və dərs qeydlərini onun təsdiqindən keçirdikdən sonra dərc edir, özü də bir çox mövzuda yazılar qələmə alırdı. "əl-Mənar" bundan sonra Rəşid Rza ilə eyniləşdi və ömrünün sonuna qədər onu çıxarmağa davam etdi. Jurnalın ilk dövründə Abduhun seçimi istiqamətində daha çox müsəlmanların təhsili, cəmiyyətin islahı, dinin düzgün başa düşülməsi kimi siyasətdən kənar mövzulara üstünlük verdi.
Məhəmməd Abduhun 1905-ci ildə vəfatından sonra Rəşid Rza siyasi mövzularla daha çox maraqlanmağa başladı. Əvvəlcə Şurayi-Osmani Cəmiyyətinə başçılıq etdi. 1907-ci ildə qurmağı planlaşdırdığı müasir mədrəsənin infrastrukturunu təşkil edəcək olan "əd-Dəvə və’l-irşad" cəmiyyətini qurdu. Daha açıq siyasi mesajlar verməyə, avtoritar və mərkəziyyətçi idarəetmə anlayışına müxalif yazılar yazmağa başladı. Müxtəlif ölkələrə həyata keçirdiyi səyahətlərdə etdiyi çıxışlar İslam dünyasında böyük əks-səda doğurdu. 1908-ci ildə Suriyanı, II Məşrutiyyətin elanından sonra 1909-cu ildə İstanbulu ziyarəti zamanı müxtəlif təmaslarda oldu. 1912-ci ildə "Nədvətü’l-uləma" sədri Şibli Numaninin dəvəti ilə Hindistana getdi. Hindistanda elmi görüşlərlə yanaşı, planlaşdırdığı layihələr üçün yardım topladı və həmin il Misirdə "Darü’d-dəvə və’l-irşad" məktəbini qurdu, lakin ingilis işğalı üzündən məktəb iki il ərzində bağlandı. 1916-cı ildə Hicaza gedərək Şərif Hüseynlə görüşdü. Suriyanın fransızlar tərəfindən işğal edilməsi üzərinə 1920-ci ildə orada bir il qalıb qurtuluş mübarizəsinə və Suriya Konqresinə dəstək verdi. 1925-ci ildə bəzi Avropa ölkələrinə səyahət etdi və yeni qurulan Səudiyyə Krallığının himayəsində Məkkədəki xilafət konfransına qatıldı. İslam Universitetinin qurulması işlərində fələstinlilərin yanında olmaq üçün 1931-ci ildə Qüdsə getdi. Bütün bu gəzintilər zamanı "əl-Mənar" jurnalı və "Darü’l-Mənar" nəşrlərinin axsamaması üçün böyük səy göstərdi. 23 avqust 1935-ci il tarixində həyata keçirdiyi Süveyş səyahəti dönüşündə vəfat etdi.
Düşüncəsi və Metodologiyası
Rəşid Rza dini elmlərin yenidən canlandırılması, cəmiyyətdə effektiv və hörmətli bir mövqeyə gəlməsi üçün Cəmaləddin Əfqani və Məhəmməd Abduhun səylərini davam etdirməyə çalışmışdır. "əl-Mənar" jurnalında dini elmlər sahəsində yazdığı məqalələri sonradan kitab halında nəşr etdirmiş, bəzi klassik mənbələri çap etmiş və bu sahədəki müəlliflik fəaliyyətinə böyük hərəkətlilik gətirmişdir. O, İslam elmlərində söz sahibi ola bilmək üçün ərəb dilçiliyinə və terminologiyasına vaqif olmağın zəruri olduğunu vurgulamışdır.
Dini düşüncədə "Sələfi rasionallığı" kimi xarakterizə oluna bilən metodunda İslami elmlərin yenidən ihyası, dinin məzhəb asılılığından qurtarılması və günün problemlərinə cavab verecək şəkildə şərh edilməsi başlıca hədəflərindən olmuşdur. Çalışmaları incələndikdə onun həm ənənədən qaynaqlanan metodologiyaya sahib çıxdığı, həm də dövrün ehtiyaclarını nəzərə alaraq ictihad anlayışına və yeniliyə böyük önəm verdiyi görünür. Bu səbəblə təməl inanc və ibadət əsasları xaricindəki mövzularda əqli və elmi izahlara girməkdən çəkinməmiş, mədrəsə mənsublarını tənqid etmişdir.
"əl-Vahyü’l-Muhammədi" adlı əsərində Quran-i Kərimə dayalı bir inanc metodologiyası üzərində dayanan Rəşid Rza, Quranın başlıca hədəflərini on maddədə toplayır: dinin təməl rüknlərini ortaya qoymaq, nübüvvətlə ilahi mesajı çatdırmaq, fitrəti izah edib təqliddən qorumaq, cəmiyyətin islahını asanlaşdırmaq, idarəetmədə yol göstərmək, maliyyədə ədaləti önə çıxarmaq, qadın və insan haqlarını təmin etmək, köləliyin ləğvinə öncülük etmək. O, din prinsiplərinin dinamik həyatın ehtiyaclarını həll edə biləcək bir üsula bağlanmasını zəruri görür; əks halda bu əsasların idarəçilər tərəfindən tərk ediləcəyi barədə xəbərdarlıq edir.
Fiqh, Təsəvvüf və Sosial Mövqeyi
Fiqh sahəsində ictihadın qarşısında heç bir maneə olmadığını düşünən Rəşid Rza, mütləq təqlidin İslama uyğun olmadığını söyləyir. O, müsəlmanların tək bir məzhəbə bağlı qalmasını uyğun görmür. Təsəvvüfün özünün nəfs tərbiyəsi olduğunu qəbul etsə də, ona qarışan xurafatlara, vəhdəti-vücud kimi fəlsəfələrə və şeyxlərə olan ifrat bağlılığa (rabitə, təvəssül) qarşı çıxmışdır.
Rəşid Rza, İslam dünyasının modernləşməsinin zəruriliyini bütün həyatı boyu müdafiə etmişdir. Müslüman toplumun dinamizmini itirməsini ictihad ruhunun yoxluğunda görürdü. O, nə ənənəyə saplanıb qalanları, nə də Qərbə kor-koranə heyran olanları qəbul edirdi. Qərbpərəst ziyalıları aşağılıq kompleksində və şəxsiyyət zəifliyində ittiham edirdi. Müsəlman gənclərə Avropanın elmini mənimsəyib öz ölkələrinə qatqı verən yaponları örnək göstərirdi.
Xilafət məsələsinə xüsusi önəm verən mütəfəkkir, xəlifənin mütləq istişarə (şura) yolu ilə idarə etməsi gərəkdiyini vurğulayırdı. O, "İran-Osmanlı" və ya "Ərəb-Türk" ayrılığına qarşı çıxaraq müsəlmanların siyasi birliyini (İttihadi-İslam) müdafiə etmişdir.