AZ

Kəlbəcər şəhərində ağacəkmə aksiyası keçirildi - FOTOLAR

10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə Kəlbəcər şəhərində “Yaşıl Mirasdan Güclü Gələcəyə” şüarı altında ağacəkmə aksiyası keçirilib.


Manset.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, eləcə də ərazidə fəaliyyət göstərən digər qurumların iştirakı ilə baş tutan aksiya ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına və regionda yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.

 

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra aksiya iştirakçıları tərəfindən Kəlbəcər şəhərinin təyin edilmiş bölgələrində cökə, ağcaqayın, fıstıq, Eldar şamı və sərv ağacı kimi müxtəlif növ ağac tingləri əkilib, tinglərə aqrotexniki qulluq göstərilib.

 

Aksiya çərçivəsində iştirakçılar çıxış edərək təbiətin qorunmasının və ekoloji dəyərlərin təşviqinin hər bir vətəndaşın ortaq məsuliyyəti olduğunu vurğulayıblar. Bildirilib ki, yaşıllıqların artırılması iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, biomüxtəlifliyin qorunması və gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Keçirilən ağacəkmə aksiyası həm təbiətə qayğının təşviqi, həm də ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində mühüm təşəbbüs kimi qiymətləndirilib. Tədbir iştirakçıları bu cür sosial - ekoloji aksiyaların davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edərək, Kəlbəcərin yaşıllıq potensialının daha da artırılmasına birgə töhfə verməyə hazır olduqlarını bildiriblər.

 

Seçilən
44
2
manset.az

3Mənbələr