“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Premyer Liqanın 31-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Veliçko Kaplanoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə oyunçularımızı və azarkeşlərimizi təbrik edirəm. Maksiumum istək göstərdik və qələbə qazandıq. İlk hissədə yaxşı çıxış etdik. Lakin ikinci hissədə rəqib üstünlüyü ələ aldı. Sevinirəm ki, son saniyələrədək xarakter göstərdik və qələbə qolunu vura bildik”.
Serbiyalı mütəxəssis fasilədən sonra təşəbbüsün rəqibə keçməsinin səbəblərinə də aydınlıq gətirib:
“Araz-Naxçıvan” həqiqətən də keyfiyyətli komandadır. Fərdi cəhətdən çox yaxşı oyunçulara sahibdirlər. Ən böyük problemimiz o idi ki, tez-tez ötürmə səhvlərinə yol verirdik. Məhz bu səbəbdən də meydanda üstünlük rəqibin tərəfinə keçirdi”.
