AZ

Deputat: Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, eyni zamanda şərəfli yolun siyasi və tarixi mənzərəsini bir daha aydın şəkildə ortaya qoydu.

Dövlətimizin başçısının çıxışı təkcə Zəngilanın bərpası və bölgədə aparılan quruculuq işləri ilə bağlı deyil, bütövlükdə Azərbaycan dövlətinin keçdiyi yolun, xalqımızın yaşadığı ağır sınaqların, qazandığımız tarixi zəfərimizin və ölkəmizin qarşıda duran strateji hədəflərin dərin təhlili kimi xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, anarxiya, siyasi qarşıdurmalar və idarəolunmaz vəziyyət Azərbaycanı faktiki olaraq parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu:

“Dövlət idarəçiliyində təcrübəsizlik, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, siyasi məsuliyyətsizlik və anarxiya Azərbaycanı uçuruma aparırdı. Xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə hökm sürən xaos Azərbaycan dövlətçiliyini ciddi təhlükə altına salmışdı. Orduda nizamsızlıq hökm sürür, cəbhədə məğlubiyyətlər bir-birini əvəz edir, torpaqlarımız işğal olunurdu. Şuşanın, Laçının, Kəlbəcərin və digər rayonların işğalı xalqımızın tarixində ən ağır faciələrdən biri kimi yadda qaldı. Həmin dövrdə hakimiyyətdə olan şəxslərin məsuliyyətsizliyi, dövlət maraqlarını şəxsi ambisiyalara qurban verməsi Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə də üz-üzə qoymuşdu. Belə bir çətin və taleyüklü məqamda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu.

Dahi şəxsiyyət qısa müddət ərzində ölkəmizdə

sabitliyi təmin etdi, siyasi qarşıdurmaların qarşısını aldı, dövlət institutlarını formalaşdırdı və Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını qoydu. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu və sabit inkişaf yoluna qədəm qoydu. Bu gün əldə etdiyimiz bütün uğurların təməlində məhz Heydər Əliyev siyasi kursu dayanır.

Parlamentari qeyd edib ki, Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, o vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar:

“Hər kəs yaxşı xatırlayır ki, odövrdə Azərbaycanı idarə edən şəxslərin əksəriyyəti nə dövlətçilik təcrübəsinə, nə siyasi biliyə, nə də idarəçilik bacarığına malik idi. Küçədən keçən təsadüfi insanların yüksək vəzifələr tutması dövlət idarəçiliyində tam xaos yaratmışdı. Özlərini “xalq qəhrəmanı” kimi təqdim edən bəzi şəxslərin əsl siması sonradan açıq şəkildə ortaya çıxdı.

Şuşanın müdafiəsi ilə bağlı pafoslu bəyanatlar verən, lakin əslində dövlətə xəyanət edən şəxslər Azərbaycanın ağır məğlubiyyətlər yaşamasında birbaşa məsuliyyət daşıyırdılar. Dövlətimizin başçısının çıxışında bu məsələlərə toxunması tarixi həqiqətlərin bir daha xalqımıza çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

S.Salmanova həmçinin bildirib ki, 2020-ci ildə əldə edilən tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir:

“Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə hərbi uğur deyildi. Bu, həm də tarixi ədalətin bərpası, xalqımızın milli qürurunun özünə qaytarılması və beynəlxalq hüququn təmin olunması idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, 1993-cü ildə olduğu kimi, yenə də xalq-iqtidar birliyi qələbəmizin əsas dayağına çevrildi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək milli həmrəylik nümayiş etdirdi. Məhz bu birlik sayəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın tam suverenliyinin təmin olunması ilə nəticələndi.

Uzun illər separatizmin hökm sürdüyü ərazilərimizdə dövlət suverenliyi tam bərpa edildi. Bu əməliyyat möhtərəm Prezident İlham Əliyevin güclü siyasi iradəsinin, peşəkar idarəçiliyinin və illərlə aparılan məqsədyönlü siyasətinin nəticəsi idi”.

Millət vəkili onu da söyləyib ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri verdiyi bütün vədlərə əməl etməsidir:

“Dövlətimizin başçısı hələ 2000-ci illərin əvvəllərində Azərbaycan xalqına söz vermişdi ki, işğal altında olan torpaqlarımıza mütləq qayıdacağıq və həmin ərazilərdə yüksək həyat şəraiti yaradılacaq. Bu gün Zəngilan da daxil olmaqla azad edilmiş bütün ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri həmin vədlərin reallığa çevrildiyini göstərir.

Böyük Qayıdış proqramı uğurla icra olunur, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Bu gün qarşıda duran əsas problemlərdən biri də mina təhlükəsidir. Ermənistan tərəfindən basdırılmış milyonlarla mina insanların həyatına ciddi təhlükə yaradır. Müharibədən sonra yüzlərlə Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Buna baxmayaraq, Azərbaycan hökuməti genişmiqyaslı minatəmizləmə işləri aparır və təhlükəsiz yaşayışın təmin edilməsi istiqamətində mühüm addımlar atmaqdadır”.

S.Salmanova vurğulayıb ki, bu gün işğaldan azad edilmiş digər rayonlarımız kimi, Zəngilan da sürətlə yenidən qurulur və regionun ən müasir şəhərlərindən birinə çevrilir; 

“Zəngilanın strateji coğrafi mövqeyi onun yaxın gələcəkdə regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcəyini göstərir.Xüsusilə Zəngəzur dəhlizinin açılması Zəngilanın əhəmiyyətini daha da artıracaq. Bu dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının əsas hissəsinə çevriləcək. Türkiyə, Naxçıvan, Azərbaycan, İran və Avropa arasında mühüm bağlantı rolunu oynayacaq bu layihə bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsini dəyişəcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yeni tarixi mərhələyə qədəm qoyub.

Dövlətimizin gücü, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bu gün azad edilmiş torpaqlarda aparılan quruculuq işləri Azərbaycanın gələcəyinin daha güclü, daha təhlükəsiz və daha firavan olacağının ən parlaq göstəricisidir”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
cebheinfo.az

10Mənbələr