AZ

Qazaxda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi - FOTOLAR

Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü böyük ehtiramla yad edilib.

"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, sərhədçilər, polis əməkdaşları, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərlə, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Qeyd olunub ki, bu gün qürurla deyə bilərik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir. Onun müdrik rəhbərliyi, uzaqgörən siyasəti və xalqına sonsuz sevgisi sayəsində Azərbaycan ən çətin zamanlardan layiqincə çıxıb, sabitlik və inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyev bütün mənalı həyatını doğma Vətənin inkişafına həsr edib, millətin xilaskarı kimi yaddaşlarda əbədi yer qazanıb. Ulu Öndərin xidmətləri Azərbaycan xalqı tərəfindən hər zaman yüksək dəyərləndirilir, onun əziz xatirəsi dərin ehtiramla yad olunur.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq çiyinlərində Azərbaycan Respublikasının bütün yükünü daşıyırdı. 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən biri də Prezident İlham Əliyev kimi uzaqgörən, dövlətə və millətə sədaqətli bir Lider yetişdirməsidir. Ata və oğulun birlikdə çəkilmiş fotolarından birində onların yanaşı dayanaraq uzaq üfüqlərə baxdıqları an əbədiləşdirilib. Bu sadə, lakin mənalı görüntü sanki zamanın arxasından bugünkü modern, güclü və suverenliyini bərpa etmiş Azərbaycanın rəsmini çəkir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin liderliyi ilə inşa edilən bu yeni Azərbaycan ulu bir irsin davamı və Zəfərlə taclanmış müstəqilliyin parlaq təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən binalar tikildi, böyük yaşayış massivləri salındı, kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı.

Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin mərkəzində xalq dayanırdı. O, ölkənin bütün bölgələrinə mütəmadi səfərlər edir, zəhmət adamları ilə birbaşa təmasda olur, onların gündəlik həyatda üzləşdiyi problemləri şəxsən dinləyir və dərhal həll yolları axtarırdı. Görkəmli dövlət xadimi Heydər Əliyev üçün hər bir insanın fikri, zəhməti, qayğısı dəyərli idi. Aşağıda təqdim olunan fotolar bizi həmin unudulmaz illərə – Ulu Öndərin xalq arasında olduğu, onun hər kəslə bir ailə başçısı kimi maraqlandığı günlərə qaytarır. Bu fotoşəkillər təkcə tarixi sənəd deyil, həm də milli yaddaşımızın canlı parçasıdır.

Ötən əsrin 90-cı illərində respublikada xaos və anarxiya hökm sürürdü, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Belə ağır bir dönəmdə xalq Ulu Öndəri köməyə çağırdı. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq öz xilaskarını böyük ümid və sevgi ilə qarşıladı.

Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin səmərəli nəticələridir.

Doğrudan da bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi. İllərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm prosesdə sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirirlər.

İşğaldan azad olunmuş bölgələrdə zəruri infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri sürətlə inşa olunur, yenilərinin təməli qoyulur. Bu, Böyük Qayıdış prosesinin nə qədər planlı, strateji və davamlı xarakter daşıdığını göstərir. Artıq yüzlərlə ailə doğma yurda qayıdıb, növbəti üç ildə isə 140 min insanın həmin torpaqlara köçürülməsi planlaşdırılır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, bu torpaqlarda həyatın yenidən canlanması təkcə fiziki deyil, həm də mənəvi qayıdışın təntənəsidir. Bu möhtəşəm bərpa və inkişaf missiyasının təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və milli inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Ümummilli Lider Heydər Əliyev zirvəsi illər ötdükcə daha uca görünür, daha aydın dərk olunur.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ziyarət edənlər fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Mühazirələr oxunub, Ulu Öndərə həsr edilmiş filmlər təqdim edilib. Bundan əlavə, rayonda Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə tədbirlər, kitab bayramı, idman yarışları, müsabiqələr keçirilib.
 

Seçilən
36
unikal.az

1Mənbələr