Bakı, 10 may, AZƏRTAC
10 May xalqımız üçün əlamətdar gündür. Ulu Öndər Heydər Əliyev ciddi dövlət xadimi olmaqla yanaşı, insanlara yaxınlığı və zarafatcıl təbiəti ilə seçilir, gənclərə və idmana daim diqqət və dəstək göstərirdi. O, hər zaman bizim qəlbimizdə yaşayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı danışarkən deyib.
Baş məşqçi bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb: “Biz bu günü qeyd edirik ki, bu gözəl ölkədə yaşayırıq. Hamımız bir azərbaycanlı kimi bilirik ki, bu dövlətin təməlini Ümummilli Liderimiz qoyub. Mən də hər zaman bir azərbaycanlı, bir insan və 10 milyonluq dövlətin nümayəndəsi kimi hiss etmişəm ki, o, bizim qəlbimizdə yaşayır. Çünki o, unudulmaz bir şəxsiyyətdir”.
Mütəxəssis vurğulayıb ki, Ulu Öndərin fəaliyyəti və irsi daim gənc nəslə çatdırılmalıdır, onlar bu barədə məlumatlandırılmalıdırlar.
Faiq Qarayevin sözlərinə görə, Ulu Öndərlə görüşləri onun yaddaşında silinməz izlər buraxıb: “Ümummilli Lider Heydər Əliyev voleybola böyük diqqət və dəstək göstərirdi. O, daim idmançılarla, xüsusilə voleybolçularla maraqlanırdı. Bu görüşlər mənim üçün unudulmaz xatirələrdir”.