Mərhum yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğlu(Ənvər Çingiz oğlu Fərəcov) 10 may- doğum günündə hər zaman doğmalarının, dostlarının əhatəsində olardı.
Gülüşü üzündən əskik olmazdı. Xəstəliklə çəkişdiyi son günlərində belə ağrılarını bizdən gizlətməyə çalışardı. Özünü toxtadıb, qəddini düzəldər,- "bekar şeydi, ötüb keçəcək"- deyərdi. Ənvərin bu halı biz dostlarını dərindən üzürdü. Böyük ürəyi vardı. Əhvalımızın pəjmürdə olmasını istəməzdi. Sözü dəyişib "planlar" qurardı. Onun cızdığı "planlar"da həmişə olduğu kimi, üç qardaşın- Calalın, Ənvərin, Nazimin (Azərbaycan Televiziyasında çalışıdğımız illər bizi doğmalaşdırıb, qardaşdan da irəli eləmişdi. Çoxları bizi "ayrılmaz dostlar" deyə çağırardı. Ənvər tez-tez fəxrlə deyərdi ki, hamı bizə həsəd aparır. Doğrudan da 40 illik iş təcrübəmdə, təvazökarlıqdan uzaq səslənsə də, bu çoxminli kollektivdə bizim qədər bir-birinə sədaqətli, etibarlı insanların az, həm də çox az olduğunu yəqin etdim) ürəyini açacaq, könlünü oxşayacaq təbiət guşələrinə səs-küylü, şən gəzintilər olardı.
Yadımdadır ki:
-Bir dəfə dedi, qardaş, havalar bir az da qızsın, sən, mən, Calal minək maşına, çıxaq şəhərdən. Çox sıxılıram. Demirəm, uzağa (səhhətini bildiyindən), lap yaxınlara gedək. Yer deyəndə ki, üzü Şamaxıya yol alsaq, sağ-sol təpələrdi. Özümüzlə çox şey götürməyə ehtiyac yoxdu, pendir-çörək də bəsimizdir. Üç qardaş o təpəlikdə oturub rahat nəfəs alaq. Unudaq işdəki eksperimentlərin, qeyri-müəyyənliyin gətirdiyi əsəbi, narahatçılıqları. Ötən günlərimizi xatırlayaq. Bir-bir yada salaq. Sabah dumanlı görünəndə adama ötən günlərin şirin xatirələri əl tutur.
60 illik yubileyi təzə keçirilmişdi. Həmin günlər əhvalı xeyli yaxşılaşmışdı. Özünü gümrah hiss edirdi. Haqqında mətbuatda gedən yazılardan söz düşdü. Dedi ki, oxudunuz yazılanları, gördünüz qardaşınız elə-belə oğul deyil? Qayıtdım ki, doğrudan da hər oğulun hünəri deyil Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixi ilə bağlı 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə yazsın. Bunu demişdim ki, əlini-əlinə vurdu, "necə də düz tapdın" (o, belə məqamlarda bu ifadəni daha çox işlədərdi) deyib ürəkdən güldü. Onun neçə vaxtdı belə şən, ürəkdən güldüyünü görüb sevindik.
Çox baməzə idi. Dost-tanış əhatəsində zarafatlarından, atmacalarından qalmazdı. Yeri gələndə doğulub boya-başa çatdığı Qarabağın aran ağzına- Arazbar ellərinə bağlı ibrətamiz hadisələr, çox gülməli lətifələr danışardı.
Yadımdadır ki:
-Ənvər nağıl eləyirdi ki, yay arana enhaendə Bahadur əmim sürüsünü qabağına qatıb qalxır Laçın yaylağına. Yaxınlıqda kürdlərin yaşadığı kənd olur. Orda bir kişi ilə dostlaşır. Günün birində dostu Bahadur əmimi evinə qonaq çağırır. Əmim çatandagörür dostu gözəl süfrə açıb: stolun üstündə çörək, yağ, bal, qaymaq... Bir az söz-söhbət. Süfrəyə çay gəlir. Kənd-kəsəkdə bal görməyən Bahadur əmim tez balı çəkir qabağına, qaşıqlayıb qoyur çörəyin arasına, üstünə də çəkir yağdan, qaymaqdan. Ye ki, yeyəsən. Ev yiyəsi qayıdır ki, qardaş, özünü balla doydurma, bir azdan yemək gələcək. Həm də baldı, o qədər yemək sənə ziyanlıq eliyər. Bahadur əmim qayıdır ki, heç nə olmaz, qardaş. Doxdur özü buyurub. Gözümün dərmanıdı. Deyib ki, bal gördünmü, nə qədər bacarırsan ye.
Ənvər belə gülməcələri çox koloritli, şirin danışardı. Dinləyəndə gülməkdən uğunub-getməmək mümkün deyildi.
O da yadımdadır ki, Ənvərlə Yağlıvəndə gedəndə məni Bahadur əmisilə tanış etdi. Dedi cavanlığında pəhləvan kimi kişi olub. Ermənilər adını eşidəndə gizlənməyə yer axtarırmışlar. İndi səksəni səksəndirib, doxsanı doqqazda qoyub.
Amma Bahadur əmiyə heç o yaşı vermək olmazdı. Gümrah görünürdü. Bir vaxtlar necə qamətli, cüssəli olduğu ilk baxışdanca bəlli olurdu. Xeyli söhbət elədik. "Doxsanı doqqazda qoysa da" Bahadur əminin söz-söhbətinin duzu-məzəsi hələ də qalmışdı.
Qəribə şeir deməyi vardı Ənvərin. Misraların hansınısa xüsusi intonasiya ilə deyər, şeirə qəribə şirinlik qatardı. Tədqiqat sahəsi onun fars dili bilgisini xeyli dərinləşdirmişdi. Folklorumuza dərindən bələd idi. Bayatıları saatlarca bir-birinə muncuq kimi düzməkdən zövq alardı. Sonra başlardı qəlbinə yaxın, kpnlünə sığal çəkən şeirlərdən deməyə. Elə olurdu ki, deyib qurtarandan sonra şeirin müəllifini bizdən soruşurdı. Gəl, indi Ənvər müəllimin "sınağından" çıx.
Yadımdadır ki:
Bir gün dostlarımızla çayxanada oturub çay içirdik. Söhbət necə oldusa, yenə poeziyadan düşdü. Ənvər qayıtdı ki, bir şeir deyəcəm, əgər tapsanız, sizə bir qonaqlıq. Hamının gözü işıqlandı. Bilirdik ki, onun verdiyi qonaqlıq sıradan olmur.
Başladı şeiri deməyə. O qədər şux, oynaq misraları vardı ki, əvvəlini indi də xatırlayıram:
Adın dilim əzbəri,
Surətin gözlərimdə
Axı niyə incidin
Şipşirin sözlərimdən,
Zalım qara xallı qız?
Şeir bitsə də müəllifinin kimliyini tapmaqda çətinlik çəkdik. Qaldıq bir-birimizin üzünə baxa-baxa. Kimsədən səs çıxmadı. Qonaqlığın əldən getdiyi ilə razılaşdıq. Ənvər xeyli güldü:- Yaxşı, deyin görüm necə şeir idi. Yerbəyerdən təriflədik. -Yox, bir gəlin tərifləməyin. Sonra da üzünü mənə çevirdi: Qardaşın da "az-az uydurur yeri gələndə".
Həmin gün bildik ki, Ənvər şeir də yazırmış.
Tanıyanlar bilir, olduqca sadə, təvazökar idi Ənvər müəllim. Danışmasaydı, tanımayanlar onun bu qədər elmli, geniş dünyagörüşlü olduğunu bilməzdi. Oxucuları bu gün də heyrətdədirlər ki, yüzdən çox elmi əsər yazmaq 60 yaşlı bir ömrə necə sığıb. Hələ oxucularının çoxu bilmir ki, böyük zəhmət tələb edən bu əsərləri Ənvər Çingizoğlu hansı çətin, dözülməz şəraitdə yaşaya-yaşaya araya-ərsəyə gətirib. Qaçqınlıq həyatının girdabında illər uzunu necə əzilib. Dəmiryol vağzalının yaxınlığındakı gecəqonduda fədakar həyat yoldaşı Leysan xanımla beş uşağı hansı zülmlər, çətinliklər hesabına böyütdülər. Ənvər müəllimin indi əldən-ələ gəzən, maraqla oxunan o ktablarının neçəsi həmin gecəqondunun gündüzlər işıq düşməyən alaqaranlığında, gecələr çırağın tutqun, öləziyən işığında yazılıb.
Prezident Sərəncamı ilə tikilən Jurnalistlər binasında ona dörd otaqlı ev veriləndə sevindiyindən yerə-göyə sığmırdı. Şükr- dedi,- ağ günə çıxdıq. Daha uşaqların başına yağış dammayacaq.
Uşaqlarını düşünürdü. Uzun illər çəkdiyi ağrı-acıların, zillətlərin onu içdən ovduğunu bilirdi.
Yadımdadır ki:
Ənvər müəllimin təzə evinin eyvanında oturub Leysan xanımın mürəbbəli çayından içə-içə ürək söhbət edirdik. Gah ötənləri yada salır, gah da arzularımızın şirinliyində xumarlanırdıq. Ev, ailə, uşaqların sabahı... Allaha dönə-dönə şükr edirdi. Böyük, geniş, işıqlı evimiz vai deyirdi,- nəvələrimi də gördüm- Həsəngil dünyamızı təzələdi. Floranı çox zaman qoymuram burdan getməyə. İstəyirəm nəvələrimlə çox vaxt keçirim. Bir nəvəmin də üzünü telefonda da olsa gördüm. Gülümsəyib, "avropalıdı- orda doğulub"dedi. Zəhra tez-tez görüntülü zəng vurur, danışırıq. Aysanım da, İnşaAllah, həyatda xoşbəxt olar. Qalır Erkinlə Ərqun. Onları da evləndirsəydim, heç dərdim olmazdı. Rahat gedərdim.
Sonuncu sözündən diksinən kimi oldum:- Nədanışırsan-dedim,-gəl arzulayaq ki, Allah bizə ömür versin, onların da toyunu görək. Dərindən köksünü ötürdü. Amma tez də üz cizgiləri dəyişdi. Özünü şən göstərməyə çalışdı. Dodaqucu qımışdı: -Sən canın, dənizin rənginə bir bax. Gör necə gömgöydü. Yayda bura cənnətə dönür. Dənizin mehi ağrı-acılarımı alıb aparır.
Son vaxtlar halı tez-tez dəyişirdi. Yenicə qovuşduğu geniş, işıqlı otaqların rahatlığı canına sinmirdi. İllərlə arzuladığı, yetmək üçün əzablara qatlaşa-qatlaşa illərini, yuxusuz gecələrini verdiyi bu gözəllik, rahatlıq indi ovcunun içində olsa da, sevinəsi, atlanası ürəyi qalmamışdı. Sonralar yazdığı "Daha qazancımı yeyə bilmirəm", "Mənim bu dünyada işim qalmayıb" misraları qəlbimi göynətdi. Və günlərin birində
-Nəyinə qısılım belə dünyanın,
Nəyindən asılım belə dünyanın.
Daha ilişik qalmadı
Qulaq qalmadı ki, sirrimi açım,
Bir çiyin qalmadı söykənək olsun,
Yaxşısı budur ki, mən daha qaçım...
-misralarından asılı qaldım. Daha Ənvəri görmədim. O, "söykənək" ola bilmədiyimiz bizlərdən də küsüb, Haqq dünyasına köçmüşdü. Allah Ənvər qardaşımıza rəhmət eləsin. Allah günahlarımızı bağışlasın.
Nazim Əlifov