“Parlament seçkiləri ilə əlaqədar son vaxtlar Ermənistanda revanşist qüvvələrin fəaliyyəti artıb. Xüsusən Qərbdən dəstəklənən həmin qüvvələr Azərbaycanla münasibətlərdə qisasçı mövqedən çıxış edir, kövrək sülh prosesinə mane olmağa çalışırlar. Bunun seçkiqabağı təşviqatla bağlı olduğu düşünülə bilər”.
Bu sözlələri gununsesi.info-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, bildirib ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət göstərən Avropa müşahidə missiyası ilə bağlı müxtəlif beynəlxalq platformalarda və sosial mediada müzakirələrin intensivləşməsi narahatlığı artırır.
“Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan 27 il Qərbdən ədalət gözlədi, lakin onlar Xocalı kimi əsrin cinayətinə yanaşmada belə ədalətli ola bilmədilər.
30 il sonra Azərbaycan ədaləti özü bərpa edib. İşğal olunmuş torpaqlarını terrorçulardan azad edib, indi Qarabağ və Şərqi Zəngəzurda “böyük qayıdış” layihəsi icra olunur. Ermənistanın hazırkı rəhbərliyi ilə sülh prosesində xeyli məsafə qət edilib.
Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı danışıqlarda bir sıra sahələr üzrə razılıq əldə olunub. Ötən il ABŞ-da Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda daimi və dayanıqlı sülhün formalaşacağına inam yaradır. Ermənistanda siyasi elitasında fərqli fikirlər də mövcuddur.
Müharibə yenicə bitib, keçmiş hakimiyyətə mənsub bəzi şəxslər, bir sıra çevrələr hələ də intiqam hissi ilə yaşayırlar. Lakin ümumilikdə erməni xalqı sülhə meyllidir. Müharibədən sonra keçirilən seçkilərdə hazırkı baş nazir Nikol Paşinyanın qalib gəlməsi bir daha göstərir ki, Ermənistan cəmiyyətinin aparıcı kəsimi, düşünən hissəsi reallıqları dərk edir. Erməni cəmiyyəti sivil dünyaya inteqrasiya yoluna səs verib.
Bu inteqrasiya Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməyi və hər iki ölkə ilə sərhədləri açmağı tələb edir. Belə bir durumda Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət göstərən Avropa müşahidə missiyasısının fəallaşması sülh prosesinə mane olur. 30 ildən sonra üharibə edən tərəflər savaşı bitirib, münaqişəyə son qoyub, hazırda sülh prosesini uğurla davam etdirirlər. Belə bir məqamda bu nəyin təlaşıdır? Azərbaycanla Ermənistan arasında vasitəçisiz, yəni birbaşa təmaslar və danışıqlar bir neçə dəfə baş tutub. Hətta Qarabağ münaqişəsində bəzi hallarda əsas iştirakçılarından bir olmuş Rusiya belə bir neçə ildir ki, prosesdən kənarda qalıb. Qardaş Türkiyə sülh prosesinin sürətlənməsindən yanadır. Başı öz problemlərinə qarışmış İran belə Azərbaycan-Ermənistan arasında sərhəd danışıqlarına maraq göstərmir. O halda min kilomterlərlə uzaqdan gəlib Cənubi Qafqazda iki ölkə arasında sülh danışıqlarına vasitəçilik və ya müşahidə missiyası tamamilə absurddur və gərəksizdir. Ən narahatedici məqam isə missiyanın yeni rəhbərliyinin nümayiş etdirdiyi tərəfsizlikdir. Bu sülh prosesinə böyük risklər yarada bilər”.
Elman Cəfərli deyib ki, regionda dayanıqlı sülhün əsan təminatçısı güclü Azərbaycan dövlətidir:
“30 il dərdimizə dərman olmamamış avropalılar “müşahidə” missiyası adı altında bu siyasi manipulyasiyanı özlərinə saxlasınlar.
Onsuz da hər hansı mümkün eskalasiya vəziyyətində xarici missiyalar heç bir məsuliyyət daşımayacaq və ilk geri çəkilən tərəf olacaq.
Bu gün Cənubi Qafqazda tamam başqa reallıqlar hakimdir. Bunu hər kəs bilir ki, regionda dayanıqlı sülhün əsas təminatçısı Azərbaycandır. Sülhün yeganə qarantı da Azərbaycandır və ölkəmiz qalıcı sülhün yaranmasında ən maraqlı tərəfdir”.
"Cebheinfo.az"