İsrail ordusu Livandakı "Hizbullah" üzvlərini müəyyən etmək və zərərsizləşdirmək üçün genişmiqyaslı süni intellekt sistemindən istifadə edir.
Hakimiyyet.az xəbər verir ki, bu sistem smartfonlardan, dronlardan, müşahidə kameralarından, Wi-Fi siqnallarından və sosial şəbəkələrdən toplanan məlumatları vahid mərkəzdə birləşdirir.
"Palantir" şirkətinin "Maven" kimi platformaları üzərində qurulan bu texnologiya, nəhəng məlumat axınlarını standartlaşdırır və əvvəllər həftələrlə vaxt aparan "təhlükə profillərini" saniyələr ərzində müəyyən edir.
"LA Times" qəzetinin dərc etdiyi məqalədə 62 yaşlı "Hizbullah" əlaqələndiricisi Əhməd Turmusun hekayəsi xüsusi diqqət çəkir.
Məlumata görə, İsrail kəşfiyyat zabiti ona zəng edərək: "Ətrafındakılarla birlikdə ölmək istəyirsən, yoxsa tək?" sualını verib. Turmus avtomobili ilə ərazidən uzaqlaşdıqdan cəmi 30 saniyə sonra raket zərbəsi ilə məhv edilib.(musavat.com)