AZ

Prezidentin Zəngilandan verdiyi mesajlar: Əliyevin ən böyük arzusu... - TƏHLİL

BAKI, 10 may. TELEQRAF

Bu gün Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi. Azad olunmuş torpaqlara həyatın qayıdışın rəmzi olan bu mərasimin 10 may tarixində - ümumilli lider Heydər Əliyevin anım günündə baş tutması Prezident İlham Əliyevin ulu öndərin ən böyük arzusunu gerçəkləşdirməsidir.

Prezident mərasimdə çıxışı zamanı bunu xüsusilə vurğuladı. Qeyd etdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.

AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründəki qaranlıq 90-cı illəri heç kim unutmayıb. Torpaqlarımızın böyük hissəsi işğal edilmiş, Şuşa, Laçın, Kəlbəcər əldən çıxmışdı. Cəbhədə müharibənin getdiyi vaxt Bakıda hakimiyyət davası gedirdi. Hakimiyyəti qazanmaq üçün ordudakı qruplaşmalar cəbhəni tərk edərək, paytaxta gətirilirdi. Azərbaycan faktiki olaraq, parçalanma təhlükəsi ilə üzləşmişdi.

Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı.

Prezident İlham Əliyev həmin dövrdə baş verənlərlə bağlı tarixi faktları dilə gətirib.

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi”, - dövlət başçısı vurğulayıb.

AXC-Müsavat cütlüyünün hakimiyyətində ölkəyə rəhbərlik edənlərin tərcümeyi-halına nəzər yetirdikdə hər şey aydın olur.

- Baş nazir Pənah Hüseynin ən böyük uğuru elmi işçi olması idi, hərçənd, heç bir dissertasiya müdafiə edə bilməmişdi.
- Parlamentin sədri olan İsa Qəmbər 11 il aspiranturada təhsil alması, lakin yekunda dissertasiyanı müdafiə etməməsi ilə yadda qalıb.
- Dövlət katibi olan Əli Kərimli ən böyük karyerası tələbə təşkilatına rəhbərlik etməsi idi.


Bu siyahını kifayət qədər uzatmaq olar. Orduya rəhbərlik edən Rəhim Qazıyev isə sözün əsl mənasında biabırçılıq idi. İxtisasca riyaziyyat müəllimi olan Rəhim Qazıyev heç bir hərbi təcrübəsi olmadan müdafiə naziri təyin edilmişdi. Hətta o, öz ixtisasına uyğun belə fəaliyyət göstərməmişdi. Elə Rəhim Qazıyev kimi bir adamın müharibənin getdiyi vaxtda orduya rəhbərlik etməsi torpaqlarımızın işğalı ilə nəticələndi. “Şuşa getsə, başıma güllə vuracam” deyən müdafiə naziri ilk güllə atılanda Şuşadan qaçdı. O, bu sözləri dediyi mitinqdə yanında dayanmış prezident Elçibəyi “hakimiyyəti götürməklə” hədələyirdi. Şuşa getdi, Rəhim Qazıyev isə özünü sanki belə bir söz deməmiş kimi aparır. Cəbhədə müharibə gedəndə onun rəhbərlik etdiyi orduda müxtəlif nazirlərin silahlı dəstələri Bakıda vəzifə davasında iştirak edir, müdafiə naziri isə yığdığı pulları Moskvaya daşıyırdı. Dövlətə xəyanətinə görə həbs olundu, 2004-cü ildə Prezident İlham Əliyev humanistlik nümayiş etdirərək, onu əfv etdi. Amma hələ də “o küçə sənin, bu küçə mənim” deyib, özünü “qəhrəman” kimi sırımağa cəhd edir. Şuşanın işğalından sonra qaçdığı güllə hələ də onun başını axtarır.

Meydan hərəkatının qaragüruhundan siyasi hakimiyyətə gələn bu şəxslər Azərbaycanı məhv olmaq təhlükəsinə sürüklədilər. Məhz ulu öndər Heydər Əliyev ölkəni uçuruma yuvarlanmaqdan xilas etdi. Qısa müddətdə nizami ordu yaratdı, ölkədəki hərc-mərcliyə son qoydu, iqtisadiyyatı düzəltdi, müstəqil xarici siyasət kursunu müəyyənləşdirdi. Dahi lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü və ən əsası ölkədə dövlətçilik ənənəsini formalaşdırdı. Onun ən böyük arzusu və hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu tarixi missiyanı məhz onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirdi.

“Bütün bu mənfi meyillərin qabağını almaq, o cümlədən o vaxt müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü siyasi iradə və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik”, - Prezident Azərbaycanın uçurumdan xilas edilməsi və inkişafa nail olmaq istiqamətində keçilən yolu xatırladıb.

Prezident İlham Əliyev 2003-cü ildə ölkəyə rəhbərlik etməyə başlayanda torpaqlarımızın azad ediləcəyini bəyan etdi. Bu, vəd deyildi, əsas hədəf idi və tarix göstərdi ki, İlham Əliyev bütün hədəflərinə nail oldu.

Dövlət başçısı Vətən müharibəsinin başlandığı günə qədər – 17 il ərzində Azərbaycanı bu zəfərə hazırladı. Qüdrətli, daxili sabitliyin və inkişafın təmin edildiyi, geosiyasi arenada söz sahibinə çevrilən Azərbaycanı qurdu. İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, Azərbaycanı beynəlxalq siyasətin həlledici oyunçusuna, enerji və nəqliyyat layihələrinin mərkəzinə çevirdi. Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdıı. İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı. Və bütün bunlara paralel olaraq qüdrətli ordu qurdu. Prezident İlham Əliyev Zəfər gününü addım-addım yaxınlaşdırırdı.

Cəmi 44 gün bəs etdi ki, işğalçı Ermənistanın 4 ilə zəbt etdiyi və 30 ilə yaxın işğalda saxladığı ərazilərimizi azad edək. Cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi. Şuşaya üçrəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu. Və İlham Əliyev 2018-ci ildə Azadlıq meydanında keçirilən hərbi paradda bəyan etdiyi “Şuşaya sancılan qələbə bayrağınızı burada – Azadlıq meydanında hərbi paradda nümayiş etdirəcəyik” sözləri gerçək oldu.

Vətən müharibəsində ərazi bütövlüyümüz təmin edilsə də, Xankəndi və ətrafında erməni separatizmi hələ də qalırdı və bu, suverenliyimiz üçün ciddi təhdid idi. Separatçılar və havadarları ümid edirdilər ki, kənar oyunçuların dəstəyi ilə qondarma “dövlət” yarada biləcəklər. Hərçənd, bir qarış torpağımızı belə güzəştə getməyən Prezident İlham Əliyevin öz planı vardı və incə gedişlərlə regionun bəlasına çevrilən erməni separatizmini təslim olmağa məcbur etdi. Vətən müharibəsindən başlayaraq, Xankəndidə bayrağımızın dalğalanmasına qədərki 3 il ərzində Prezident İlham Əliyev suverenliyimizin bərpası məqsədilə tarixi planlarını həyata keçirirdi: Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədlərimiz tam bərpa olundu; Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi; separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı; reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı; və nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi. Prezident İlham Əloyev bütün təzyiqlərə rəğmən qətiyyətli mövqeyindən geri çəkilmədi.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi: “Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik”.

Bu Zəfərin təməlində həm də xalq-iqtidar birliyi dayanırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edən xalq nümayiş etdirdiyi birliyi Vətən müharibəsində də sərgilədi. Bu birlik qarşısında dövlət başçısının dediyi kimi, nə ATƏT-in Minsk qrupunun həmsədri olan nüvə dövlətləri, nə də Ermənistanın digər havadarları dura bilmədi.

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. İndi Azərbaycanın önündə mühüm hədəflər var.

Azad olunmuş torpaqlara qayıdış: Prezident İlham Əliyevin həyata keçirdiyi Böyük Qayıdış proqramı uğurla icra olunur. Zəngilan da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır, insanlar geri qayıdır.

İşğalın fəsadlarını aradan qaldırmaq: Prezident İlham Əliyev çıxışında haqlı olaraq, bunun çətin proses olduğunu vurğuladı. Çünki mina problemi, o cümlədən, işğalçıların “miras qoyduğu” ekosid var.

Dövlət başçısı konkret faktları sadaladı: “Bəsitçay dünyaca məşhur olan bir qoruq idi. Deyilənə görə, bura dünyada ikinci ən böyük çinar ağaclarının bir yerdə olması və qədim çinar ağaclarının qoruğu idi. Demək olar ki, onun yarısını Ermənistan dövləti məhv edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb. Ümumiyyətlə, bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Təşəbbüskarı olduğumuz sülh prosesini sona çatdırmaq: Azərbaycan müharibədə qalib gəlsə də, Ermənistanla sülh prosesinin də təşəbbüskarı oldu. Dünya təcrübəsinə görə, qalib gələn tərəf bunu etmir, lakin Azərbaycan regionda təhlükəsizlik və sabitliyin yaradılması, sülhün əldə edilməsi istiqamətində çıxış etdi. Bu gün Ermənistanla sülh prosesində əldə olunan uğurların müəllifi məhz Azərbaycandır.

Prezident çıxışında bəyan etdi ki, bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik: “Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Dövlət başçısı bununla sülh prosesini pozmağa cəhd edən qüvvələrə - həm Ermənistanda olanlara, həm özlərini Ermənistanın “xilaskarı” kimi göstərənlərə açıq mesaj verdi. Sülhü pozacaq istənilən təxribat cavabsız qalmayacaq.

Asif Nərimanlı

Seçilən
0
3
teleqraf.com

2Mənbələr