"World Economic Forum" və müxtəlif ekspertlər süni intellektin sürətlə yayılmasının əmək bazarında ciddi dəyişikliklər yaratdığı barədə xəbərdarlıq ediblər. Metbuat.az xəbər verir ki, xüsusilə giriş səviyyəli iş yerlərinin azalması gələcəkdə gənc işçilər üçün böyük problemə çevrilə bilər. Məlumata görə, ABŞ və Avropadakı bir sıra texnologiya şirkətləri artıq məlumat daxil etmə, ilkin analiz, müştəri dəstəyi, kontent redaktəsi və başlanğıc səviyyəli proqramlaşdırma işlərinin bir hissəsini süni intellekt sistemlərinə həvalə etməyə başlayıb.Ekspertlər bildirirlər ki, bu dəyişiklik ən çox karyerasının əvvəlində olan gənclərə təsir göstərəcək. Çünki əvvəllər təcrübə qazanmaq üçün vacib hesab edilən bir çox “ilk pillə” vəzifələr artıq avtomatlaşdırılmış sistemlər tərəfindən yerinə yetirilir.İnsan resursları üzrə mütəxəssislər qeyd edirlər ki, xüsusilə “junior” adlandırılan giriş səviyyəli vakansiyalarda ciddi azalma müşahidə olunur. Revelio Labs şirkətinin araşdırmasına əsasən, ABŞ-də giriş səviyyəli iş elanları son 18 ay ərzində 35 faiz azalıb.Mütəxəssislər hesab edirlər ki, süni intellekt texnologiyalarının inkişafı gələcəkdə əmək bazarının strukturunu tamamilə dəyişə və bəzi peşələrin yox olmasına səbəb ola bilər.