BAKI,TurkicWorld
Almaniyanın paytaxtı Berlində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə musiqili tədbir keçirilib.
Bu barədə TurkicWorld-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev görkəmli dövlət xadimi, Ümumilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edib. Səfir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik bərpa olunub, dövlət institutları gücləndirilib və ölkəmizin gələcək inkişafının təməli qoyulub. Ulu Öndərin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrilib.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi xüsusi qeyd olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin strateji kursunda Almaniya ilə münasibətlərin inkişafının xüsusi yer tutduğunu vurğulayıb və bu gün Azərbaycan-Almaniya əməkdaşlığının iqtisadiyyat, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan "Elegiya" və digər musiqi əsərlərinin Xalq artisti Faiq Sücəddinov tərəfindən səsləndirilməsi tamaşaçıları heyran edib. Xalq artisti Əlixan Səmədovun balabanda əsrarəngiz ifası isə unudulmaz təəssürat yaradıb.
"Simurq" muğam ansamblının ifasında Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb. Əməkdar artist Şölə Səfərəliyevanın və Mirələm Mirələmovun ifaları hər kəsin zövqünü oxşayıb.
Konsert proqramında Əməkdar artist Kamran Kərimovun (nağara), Elnur Mikayılovun (kamança), Anar Vəlizadənin (balaban), Zəki Vəliyevin (tar), İdris Hüseynovun (ud) və Vasif Huseynin (piano) ifaları tədbirə xüsusi musiqi ovqatı bəxş edib.