İstanbuldan Nepalın paytaxtı Katmanduya uçan Türk Hava Yollarına (THY) məxsus "Airbus A330" tipli sərnişin təyyarəsi eniş zamanı qorxulu anlar yaşadıb. Tribhuvan Beynəlxalq Hava Limanına enən zaman laynerin sağ şassi hissəsində qəfildən yanğın baş verib.
Sitat.info xəbər verir ki, göyərtəsində 277 sərnişin (o cümlədən 4 uşaq) və 11 heyət üzvü olan təyyarədə dərhal təxliyə əməliyyatına başlanılıb. Sərnişinlər qəza çıxışları vasitəsilə təhlükəsiz əraziyə çıxarılıblar. Yanğın yanğınsöndürən briqadalar tərəfindən qısa süddətdə söndürülüb. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, bəzi sərnişinlərin təxliyə zamanı yüngül yaralandığı bildirilir.
THY rəsmisi Yahya Üstün hadisə ilə bağlı açıqlama verərək bildirib ki, ilkin araşdırmalara görə, tüstü və alovun yaranmasına səbəb hidravlik boruda baş verən texniki nasazlıqdır. Hadisə ilə əlaqədar Katmandu hava limanında beynəlxalq uçuşlar müvəqqəti olaraq dayandırılıb.