AZ

Həkim xəbərdarlıq etdi Çəkisi 100 kiloqrama qədər olanlar bunu etməsin

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son dövrlərdə mədə kiçiltmə və müxtəlif bədən şəkilləndirmə əməliyyatlarına maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə sosial şəbəkələrin təsiri ilə bu cür cərrahi müdaxilələr bəzən tibbi zərurətdən çox estetik seçim kimi təqdim olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, bir çox xarici ölkələrdə və Türkiyə kimi yaxın tibbi turizm mərkəzlərində bu əməliyyatlar üçün müəyyən çəki və bədən kütlə indeksi (BKİ) kriteriyaları tətbiq olunduğu halda, yerli praktikada daha aşağı çəkidə olan şəxslərin də bu əməliyyatlara yönləndirildiyi iddia olunur.Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Demokrat.az-a açıqlamasında deyib ki, bədən şəkilləndirmədə insanlar öz arzuları ilə müəyyən nahiyələri istəklərinə uyğun şəkildə formalaşdırmağa çalışırlar və buna cəhd edirlər:“Əslində bu, tibbi müdaxilədir. Tibbi müdaxilə isə, qaydalara görə, yalnız tibbi göstəriş əsasında həyata keçirilməlidir. Lakin insan öz bədənini istədiyi formaya salmaq üçün könüllü şəkildə bu proseslərə müraciət etdikdə, bu sahədə müəyyən qaydaların hazırlanmasına ehtiyac yaranır. Çünki insanlar kütləvi şəkildə bu əməliyyatlara üz tuturlar. Bu hallar həm ölkə daxilində, həm də xarici ölkələrdə müşahidə olunur. Halbuki bu da cərrahi əməliyyatdır. Cərrahi əməliyyat isə o deməkdir ki, tam sağlam insan belə əməliyyat zamanı baş verə biləcək hər hansı dəyişiklik səbəbindən həyatını itirə bilər. Buna görə də bu risklər nəzərə alınmalı, insanlara geniş məlumat verilməlidir ki, onlar hansı risklərlə üzləşdiklərini dəqiq bilsinlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə mədənin kiçildilməsi əməliyyatı ilə bağlıdır. Bu əməliyyatdan sonra insan orqanizmində bəzi amin turşularının, qida maddələrinin və mineralların çatışmazlığı yaranır. İnsanlar çox vaxt bunu nəzərə almır və dərk etmirlər”. O bildirib ki, müəyyən müddətdən sonra bu çatışmazlıqlar səbəbindən müxtəlif xəstəliklər meydana çıxır:“Bütün bunlar mütləq nəzərə alınmalıdır. İnsanlar sadəcə “çəkim çoxdur, gedim əməliyyat etdirim” və ya müxtəlif prosedurlara müraciət edim kimi düşünməməlidirlər. Bu düzgün yanaşma deyil. Çünki bu, qarın boşluğunun açıldığı, mədə kimi vacib orqanın formasının dəyişdirildiyi ciddi tibbi əməliyyatdır. Sonradan çəki kəskin şəkildə azalır və orqanın quruluşunda müəyyən defektlər yarana bilər. Həmçinin evakuasiya prosesində və digər fizioloji funksiyalarda problemlər meydana çıxır. Çəki məsələsinə gəldikdə isə, bu əməliyyata müraciət üçün konkret meyarlar olmalıdır. Məsələn, 80-90 kq, hətta 100 kq-a qədər çəkisi olan insanlar çox vaxt öz iradələri ilə arıqlaya bilərlər. Bu halda əməliyyata ehtiyac yoxdur. 100 kq-a qədər çəkisi olan şəxslərin belə əməliyyata müraciət etməsi düzgün sayılmır. 110 kq və daha artıq çəkisi olan insanlar da arıqlaya bilər. Lakin ifrat dərəcəli piylənmə hallarında vəziyyət fərqlidir. Ümumiyyətlə, qərar çəki indeksinə əsaslanmalıdır. Əgər xəstədə ikinci, üçüncü və ya dördüncü dərəcəli piylənmə varsa, bu zaman əməliyyat nəzərdən keçirilə bilər. Birinci dərəcəli piylənmə isə o qədər də ağır sayılmır və insan öz gücü ilə bunun qarşısını ala bilər. Bu baxımdan yanaşma “çəkim bu qədərdir, gedib əməliyyat etdirim” prinsipi ilə deyil, məhz çəki indeksinə əsasən müəyyənləşdirilməlidir. İnsanın özünü cərrahi əməliyyat kimi ağır bir prosedura məruz qoyması, həyatını risk altına atması düzgün deyil. Təəssüf ki, estetik əməliyyatlar zamanı həyatını itirən insanların şahidi olmuşuq. Bu sahədə rəsmi statistika geniş şəkildə açıqlanmasa da, belə məlumatlar təqdim olunsa, insanlar bu proseslərin real nəticələrini və yarada biləcəyi problemləri daha aydın görərlər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
demokrat.az

1Mənbələr