AZ

Süni intellekt təhsil sisteminə necə təsir edib? - Ekspert AÇIQLADI

Dünyada müasir dövrün tələbləri ilə süni intellekt dayanmadan inkişaf etməkdədir. Süni intellekt isə hər bir sahəyə yayıldığı kimi təhsildən də yan keçmir. Bəs süni intellektin təhsilə təsiri necədir?  

Day.Az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, dünyada süni intellektin inkişafı artıq elmə və təhsilə də sirayət etməyə başlayıb:

Ancaq görünən odur ki, bu texnologiya hələlik insanları və müəllimləri tam əvəz edə bilməyəcək. Təcrübə də bunu göstərir. Dünya ölkələrində, o cümlədən Azərbaycanda bu istiqamətdə müəyyən cəhdlər edilir. Məsələn, Elmlər Akademiyası tərəfindən süni intellekt əsaslı "repetitor" təşəbbüsləri irəli sürülür ki, repetitorları əvəz edə bilsin.

Bununla yanaşı, biz artıq süni intellektin sənayeyə, kənd təsərrüfatına və digər sahələrə tətbiqini müşahidə edirik və müəyyən uğurlu nəticələr də əldə olunub", - o deyib.

Ekspert qeyd edib ki, süni intellektin elmə və xüsusilə təhsilə tətbiqi artıq Avropa və dünya alimlərini narahat etməyə başlayıb:

"Bu gün süni intellektin həyatımıza geniş şəkildə daxil olması, xüsusilə gənclər arasında sürətlə yayılması müəyyən mənada savadsız və asılı bir nəslin formalaşmasına səbəb ola bilər. Süni intellektdən elmin ayrı-ayrı sahələrində istifadə mümkün və faydalı olsa da onun birbaşa təhsil prosesinə nəzarətsiz şəkildə tətbiqi həm zərər verə bilər. Bunun ilkin əlamətləri artıq görünməkdədir.

Məsələn, gənclərin istifadə etdiyi müxtəlif süni intellekt proqramları qısa müddətdə kütləviləşib. Artıq bəzi gənclər ən sadə fikirlərini belə formalaşdırmaq üçün ChatGPT kimi süni intellekt vasitələrinə müraciət edirlər. Bu texnologiyalardan korrektorluq və redaktə işlərində istifadə halları da geniş yayılıb. Əlbəttə, bu proses gənclərin düşünmə və özünüifadə bacarıqlarının zəifləməsinə, müəyyən mənada intellektual passivliyə gətirib çıxara bilər", - o bildirib.

Ekspert vurğulayıb ki, məhz buna görə də təhsil sistemi inkişaf etmiş böyük ölkələr artıq bu məsələ ilə bağlı həyəcan təbili çalırlar. Onlar hesab edirlər ki, süni intellektin elmə və təhsilə nəzarətsiz tətbiqi gələcəkdə ciddi problemlər yarada bilər.

Nəsimi Ələsgərli

Seçilən
32
day.az

1Mənbələr