AZ

Mehriban Vəliyeva: "Ermənistan tarix boyu xarici güclərin aləti kimi çıxış edib"

BAKI, 11 may. TELEQRAF

Prezident cənab İlham Əliyevin Zəngilana səfəri və səsləndirdiyi mesajlar təkcə postmüharibə dövrünün qiymətləndirilməsi deyil, həm də regionun gələcək siyasi arxitekturasına dair Azərbaycanın prinsipial mövqeyinin təqdimatı kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında həm beynəlxalq münasibətlər sistemindəki ikili standartlar, həm Ermənistanın destruktiv siyasəti, həm də Azərbaycanın yaratdığı yeni reallıqlar açıq şəkildə ortaya qoyuldu.

Bu barədə Teleqraf-a Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirilib.

Prezidentin sözlərinə istinadla o, vurğulayıb ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə münaqişənin həlli deyil, status-kvonun qorunması ilə məşğul olub, ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər institutu faktiki olaraq Ermənistanın işğal siyasətinə beynəlxalq siyasi örtük funksiyasını təmin edib:

"Ən ciddi məqamlardan biri isə budur ki, həmsədr ölkələrin hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Onlar BMT TŞ-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına təminat verməli olduqları halda, sənədlərin həyata keçirilməsinə ya göz yumdular, ya da prosesi bilərəkdən uzatdılar. Bu isə beynəlxalq hüquqa selektiv yanaşmanın açıq nümunəsi idi. Ölkə başçımız bu riyakarlığı açıq şəkildə ifşa etdi. Cənab Prezident Minsk qrupunun fəaliyyətsizliyini, ikili standartlarını və Ermənistanın işğalçılıq siyasətinə loyal münasibətini beynəlxalq tribunalarda sərt tənqid etdi.

44 günlük Vətən müharibəsindən sonra isə Azərbaycan öz gücü ilə BMT qətnamələrini icra edərək yeni reallıq yaratdı və faktiki olaraq Minsk qrupunu tarixə gömdü. Prezident cənab İlham Əliyevin həmsədrlərə “biz sizi dəvət etməmişik” mesajı artıq Azərbaycanın vasitəçilərin deyil, nəticənin tərəfdarı olduğunu göstərirdi. Çünki 30 il ərzində bölgəyə saysız-hesabsız səfərlər edən həmsədrlər və ATƏT nümayəndələri işğalın nəticələrinə susur, dağıdılmış şəhərlərə, məhv edilən məscidlərə, talan edilən sərvətlərə münasibət bildirmirdilər. Minsk qrupunun “münaqişənin hərbi həlli yoxdur” tezisi isə 2020-ci ildə tam iflasa uğradı. Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq işləməyəndə dövlət öz haqqını özü təmin edir. Bu gün ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun, ikili standartların və geosiyasi manipulyasiyanın simvolu kimi tarixdə qalır".

Deputat qeyd edib ki, İlham Əliyevin çıxışlarında xüsusi yer tutan məsələlərdən biri də Ermənistanın müstəqil siyasi iradə nümayiş etdirmək qabiliyyətinin olmaması ilə bağlıdır: "Ermənistan tarix boyu daim xarici güclərin himayəsinə sığınıb və regionda həmin güclərin aləti kimi çıxış edib.

Bir dövrdə bu rol Rusiyanın nəzarəti altında həyata keçirilirdisə, hazırda Fransa Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə çalışır. Paris rəhbərliyi Ermənistanı “demokratiya vitrini” kimi təqdim etməyə çalışsa da, əsl məqsəd regionda geosiyasi mövqe qazanmaqdır. Azərbaycan isə Fransanın neokolonial siyasətini ardıcıl şəkildə ifşa edir. Xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti çərçivəsində Fransanın dənizaşırı ərazilərdə həyata keçirdiyi müstəmləkəçilik siyasəti beynəlxalq müstəvidə gündəmə gətirilir. Bu kontekstdə Parisin Ermənistana “himayədarlıq” etməsi humanitar və ya demokratik məqsədlərdən deyil, geosiyasi maraqlardan qaynaqlanır.

Cənab Prezidentin çıxışında toxunduğu digər mühüm məsələlərdən biri də Fransa prezidenti Emmanuel Makronun regionla bağlı siyasəti idi. Dövlət başçısının vurğuladığı kimi, bu gün Ermənistanda “qəhrəmanlıq” nümayiş etdirməyə çalışan bəzi xarici liderlər 2020-ci ildə də hakimiyyətdə idilər. Lakin onlar Azərbaycanın qələbəsinin qarşısını ala bilmədilər. Makronun anti-Azərbaycan ritorikası ilk növbədə Fransadakı daxili siyasi böhran fonunda qiymətləndirilməlidir. Hazırda onun reytinqi rekord həddə aşağı düşüb və Fransa cəmiyyətində ciddi narazılıq mövcuddur. Belə bir şəraitdə xarici siyasətdə populist bəyanatlar vermək daxili auditoriyaya hesablanmış siyasi texnologiya təsiri bağışlayır".

M.Vəliyevanın sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Ermənistandan quru yolla Türkiyəyə səfər planının baş tutmaması isə regionun yeni siyasi reallığını göstərdi:

"Bu gün Cənubi Qafqazın əsas siyasi gündəliyini Azərbaycan və Türkiyə müəyyən edir. Prezident cənab İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan regional təhlükəsizlik və əməkdaşlıq modelinin əsas müəllifləridir. Azərbaycan postmüharibə dövründə sülh gündəliyinin müəllifi kimi çıxış edir. Sülh müqaviləsinin əsas prinsiplərini də məhz Bakı təqdim edib. Ermənistan isə müxtəlif beynəlxalq platformalarda manipulyativ fəaliyyət göstərərək prosesi uzatmağa çalışır. Bu fonda Ermənistan ərazisində yerləşdirilən Avropa İttifaqı missiyası ciddi suallar doğurur. Əgər regionda sülh prosesi gedirsə və tərəflər danışıqlar apardığını bəyan edirsə, onda sərhəddə xarici missiyanın yerləşdirilməsi hansı məqsədə xidmət edir?! ğ

Azərbaycan bu missiyanı regionda yeni təsir mexanizmi yaratmaq cəhdi kimi qiymətləndirir. Xüsusilə Fransanın bu missiyanın əsas təşəbbüskarlarından olması onun siyasi məqsədlərini açıq göstərir.

Dövlət başçısının da vurğuladığı kimi, əgər Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırarsa və Azərbaycana qarşı təhlükə yaranarsa, Azərbaycan bütün preventiv addımları atmağa hazırdır. 2020-ci il Vətən müharibəsi göstərdi ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək əzminə və gücünə malikdir. 44 günlük müharibə yalnız hərbi qələbə deyildi. Bu qələbə regionda 200 ilə yaxın davam edən geosiyasi ədalətsizliyi və süni status-kvonu aradan qaldırdı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə torpaqlarını azad etmədi, həm də regionun siyasi xəritəsini dəyişdi.

Cənab Prezidentin Zəngilan səfəri bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur artıq genişmiqyaslı quruculuq və inkişaf məkanına çevrilib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr dünyanın ən böyük bərpa proqramlarından biri hesab olunur. Yeni şəhərlər, kəndlər, yollar, hava limanları, məktəblər, xəstəxanalar və enerji infrastrukturu Azərbaycanın postmüharibə inkişaf modelinin əsas göstəriciləridir. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri isə regionun gələcək inkişaf konsepsiyasını müəyyənləşdirir. Ən vacib məqamlardan biri insanların doğma torpaqlara qayıtmasıdır. Cənab Prezidentin sakinlərlə, şəhid ailələri ilə səmimi dialoqları dövlətin bu prosesə necə həssas yanaşdığını göstərir. Qarabağ artıq yalnız siyasi qələbənin deyil, həm də sosial dirçəlişin simvoluna çevrilir.

Azərbaycan işğal dövründə Ermənistan tərəfindən törədilmiş urbisid, ekosid və kultursid cinayətlərini beynəlxalq ictimaiyyətin diqqətində saxlamaqda davam edir. Dağıdılmış şəhərlər, viran qoyulmuş kəndlər, təhqir edilmiş məscidlər, məhv edilən qəbiristanlıqlar və talan olunmuş təbii sərvətlər Ermənistanın vandalizm siyasətinin açıq sübutlarıdır. Azərbaycan bu cinayətlərin beynəlxalq hüquqi-siyasi müstəvidə tanınması üçün sistemli fəaliyyət aparır. Ekoloji aksiyalar, beynəlxalq forumlar və yayımlanan materiallar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir".

Azərbaycanda keçiriləcək WUF13 – Dünya Şəhərsalma Forumuna gəlincə, deputat qeyd edib ki, bu, ölkənin beynəlxalq nüfuzunun göstəricisidir:

"Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri bu forum çərçivəsində xüsusi diqqət mərkəzində olacaq. Bu tədbir Azərbaycanın postmünaqişə dövründə yaratdığı inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından mühüm platformadır.

Dünyada davam edən müharibələr və geosiyasi qarşıdurmalar, xüsusilə İran-İsrail-ABŞ xəttində artan gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərir. Hörmüz boğazı vasitəsilə dünya neftinin təxminən 20 faizinin daşınması bu bölgədəki riskləri daha da artırır. Belə bir şəraitdə ərzaq və enerji qiymətlərinin artması qaçılmaz görünür. Amma Azərbaycan həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində regionun sabitlik və təhlükəsizlik məkanına çevrilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət ölkədə sosial-iqtisadi sabitliyi qorumağa, milli təhlükəsizliyi möhkəmləndirməyə və regional liderliyi daha da gücləndirməyə xidmət edir".

Seçilən
86
teleqraf.com

1Mənbələr