Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.
"Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya nümayəndə heyətinin WUF13-də iştirak etmək üçün Bakıya səfəri ərəfəsində Dəməşq qubernatoru Maher Edlibi ilə məhsuldar görüş keçirib", - məlumatda bildirilib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.