Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi dövlət səfərinin dəqiq tarixləri açıqlanıb. Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər mayın 13-dən 15-dək reallaşacaq. Bu görüş həm Vaşinqton, həm də Pekin üçün son dövrlərin ən kritik diplomatik təması hesab olunur.
“AzPolitika” xarici mediaya istinadən xəbər verir ki, Trampın Pekin səfəri hələ mart ayında planlaşdırılsa da, ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlar səbəbindən təxirə salınmışdı.
"Reuters" agentliyinin Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, Tramp və Si Cinpin arasında keçiriləcək görüşdə yalnız ticarət müharibələri deyil, həm də kəskinləşən regional münaqişələr müzakirə olunacaq.
Vaşinqtonu narahat edən əsas məqam Çinin İran və Rusiya ilə ticarət əlaqələrini davam etdirməsidir. Tramp Pekinin bu ölkələrə gəlir qazandıran ticarət dövriyyəsini və ikili təyinatlı malların (hərbi sahədə istifadə edilə bilən texnologiyalar) tədarükünü məhdudlaşdırmasını tələb edəcək.
Tramp dəfələrlə Çin lideri ilə "yaxşı münasibətləri" olduğunu desə də, Pekinin iqtisadi siyasətini sərt şəkildə tənqid etməkdə davam edir. Görüşdə yeni tariflər və bazar şərtləri ətrafında gərgin keçidlərin olacağı gözlənilir.
Nəhayət, ABŞ-nin İranla bağlı atdığı hərbi addımlardan sonra Çinin regiondakı mövqeyi və enerji təhlükəsizliyi məsələləri liderlərin əsas müzakirə mövzularından biri olacaq.
Analitiklər hesab edirlər ki, Trampın bu səfəri Pekini Rusiya və İrandan uzaqlaşdırmaq üçün bir "təzyiq və sövdələşmə" cəhdidir. Çinin bu təzyiqlərə qarşı hansı güzəştlərə gedəcəyi, yaxud ABŞ ilə iqtisadi rəqabətdə yeni bir "soyuq müharibə" dövrünə qədəm qoyacağı yaxın günlərdə məlum olacaq.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.