Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olmuş “Sabah” komandasının mükafatlandırılacağı tarix bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində mayın 17-də keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu qarşılaşmaya saat 18:00-da start veriləcək. Matç bitəndən sonra turnirin qalibi adını qazanmış “bayquşlar”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
Xatırladaq ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda çempionluğu mövsümün sonuna 4 tur qalmış təmin edib. Komanda hazırda 31 oyuna topladığı 75 xalla vahid liderdir. “Bayquşlar” 31 oyunda 23 qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüblər.
