AZ

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycan xalq mahnıları, rəqsləri və bəstəkar əsərləri səsləndiriləcək.

Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (direktor-baş dirijor Mustafa Aşurov) ifasında keçiriləcək konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri Naala Barateliadır. İnstrumental heyətin musiqi rəhbəri isə Mahir Ordubadidir.

Proqramda Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri təqdim olunacaq.

Səhnədə Əməkdar artist Almaz Orucova, ifaçılar Vəfa Vəzirova, Rəvanə Qurbanova, Nurlan Əzizbəyli, Nurlana Abdullayeva və rəqqasə Nigar Mirzəyeva çıxış edəcəklər.

Konsertin məqsədi Azərbaycan milli musiqi və rəqs sənətinin zəngin irsini beynəlxalq auditoriyaya təqdim etmək, ölkənin mədəni dəyərlərini təbliğ etmək və Ümumdünya Şəhərsalma Forumu çərçivəsində mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Seçilən
7
3
azerbaijan-news.az

4Mənbələr