AZ

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 11 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ukraynalı uşaqların qanunsuz deportasiyası və zorla Rusiyaya köçürülməsində iştirak edən daha 16 fiziki şəxsə və 7 quruma qarşı sanksiyalar tətbiq edib.

AZƏRTAC xəbər verir ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə iştirak edən şəxsləri və təşkilatları hədəf alır.

Aİ Şurasının məlumatına görə, siyahıya ukraynalı azyaşlıların sistemli şəkildə qanunsuz deportasiyası, məcburi köçürülməsi, assimilyasiyası, ideoloji təsirə məruz qoyulması və hərbiləşdirilmiş təhsilə cəlb olunmasında rol oynayan şəxslər daxil edilib. Onlar, həmçinin uşaqların qanunsuz övladlığa götürülməsi və Rusiyaya, eləcə də müvəqqəti işğal olunmuş ərazilərə aparılmasına görə məsul hesab olunurlar.

Aİ-nin məlumatına əsasən, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək təxminən 20 min 500 ukraynalı uşaq deportasiya olunub və ya zorla köçürülüb. Aİ bu addımları beynəlxalq hüququn kobud şəkildə pozulması və uşaqların fundamental hüquqlarının tapdanması kimi qiymətləndirir.

Sanksiya siyahısına Rusiya Təhsil Nazirliyi ilə əlaqəli “Orlyonok”, “Qırmızı Yelkənlər” və “Smena” Ümumrusiya Uşaq Mərkəzləri, həmçinin Sevastopoldakı DOSAAF Mərkəzi, Naximov Hərbi-Dəniz Məktəbi və Krımdakı “Patriot” hərbi-vətənpərvərlik klubu, işğal edilmiş ərazilərdə fəaliyyət göstərən məmurlar və siyasətçilər, eləcə də müxtəlif gənclər düşərgələrinin, hərbi-vətənpərvərlik klublarının və təşkilatlarının rəhbərləri daxil edilib. Sanksiyalar çərçivəsində həmin qurumların aktivləri dondurulur, Aİ vətəndaşları və şirkətlərinə onlara maliyyə vəsaiti və iqtisadi resurs təqdim etmək qadağan olunur. Fiziki şəxslərə qarşı isə Aİ ərazisinə giriş və tranzit qadağası tətbiq edilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
5
azertag.az

4Mənbələr