AZ

Cərimələr artırılsa, yol qəzaları azalacaq?

Yol təhlükəsizliyi məsələsi bu gün bir çox ölkədə aktual problem olaraq qalır.

Bu istiqamətdə atılan addımların ən mühüm hissələrindən biri yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsidir.

Təcrübə göstərir ki, cərimələrin artırılması bəzi hallarda qayda pozuntularının azalmasına və daha diqqətli sürücülük davranışının formalaşmasına təsir göstərir.

Məsələn, Türkiyədə yol hərəkəti qanunvericiliyində edilən dəyişikliklərdən sonra bu sahədə müsbət nəticələr qeydə alınıb. Cərimələrin artırılmasından sonra yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə olunub. 

Rəsmi göstəricilərə əsasən, ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə yol qəzaları təxminən 16 faiz azalıb. Bu dövrdə xüsusilə sürət həddinin aşılması, piyada keçidlərində qayda pozuntuları və sükan arxasında mobil telefondan istifadə hallarında da eniş qeydə alınıb.

Azərbaycanda cərimələrin artırılması yol hərəkəti qaydalarınin pozulması hallarını və qəzaları azalda bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması mövzusu son illər ən çox müzakirə olunan məsələlərdən biridir:

"Bu addımın həqiqətən yol təhlükəsizliyinə necə təsir etdiyi barədə cəmiyyətdə fərqli yanaşmalar mövcuddur. Beynəlxalq təcrübə göstərir ki, cərimələrin sərtləşdirilməsi müəyyən hallarda qayda pozuntularının azalmasına təsir edə bilir, lakin bunun effektiv olması üçün cəzanın məbləğindən daha vacib olan bir neçə əsas faktor mövcuddur.

Ən önəmlisi cərimənin qaçılmaz olmasıdır. Yəni sürücü bilməlidir ki, qayda pozarsa, istisnasız şəkildə məsuliyyət daşıyacaq. 

Əgər nəzarət sistemində boşluqlar, selektiv yanaşma və ya qeyri-bərabər tətbiq hissi yaranırsa, cərimənin yüksək olması belə davranışı köklü şəkildə dəyişmir. 

Bu halda insanlar qaydalara təhlükəsizlik düşüncəsi ilə yox, sadəcə cərimədən yayınmaq üçün əməl etməyə başlayırlar ki, bu da uzunmüddətli nəticə vermir". 

Onun sözlərinə görə, Türkiyə nümunəsində müşahidə olunan müsbət dinamikanın səbəbi yalnız cərimələrin artırılması deyil:

"Orada elektron nəzarət sistemlərinin geniş tətbiqi, sürət kameralarının aktiv fəaliyyəti, piyada keçidlərinə ciddi nəzarət, ictimai maarifləndirmə kampaniyaları və polis nəzarətinin daha sistemli qurulması paralel şəkildə həyata keçirilib.

Nəticədə sürücülərdə “qayda pozuntusu görünməyəcək” düşüncəsi zəifləyib və davranış modeli dəyişməyə başlayıb". O vurğulayıb ki, Azərbaycanda isə problem təkcə cərimələrin məbləği ilə bağlı deyil:

"Yol infrastrukturu, bəzi ərazilərdə qeyri-dəqiq nişanlanma, parklanma çatışmazlığı, piyadaların təhlükəsiz hərəkəti üçün yetərli şəraitin olmaması, sürücülük mədəniyyətindəki boşluqlar və bəzi hallarda nəzarətə münasibətdə ictimai etimad problemi də ümumi mənzərəyə təsir edir.

Məsələn, sürücü bir tərəfdən qayda pozuntusuna görə yüksək cərimə ödəyirsə, digər tərəfdən şəhərdə normal parklanma yeri tapa bilmirsə və ya yol təşkilində məntiqsiz məhdudiyyətlərlə qarşılaşırsa, bu zaman cərimə təhlükəsizlik aləti kimi deyil, daha çox əlavə maliyyə yükü kimi qəbul olunur.

Eyni zamanda, yol təhlükəsizliyi yalnız sürücünün məsuliyyəti ilə ölçülmür - piyadaların davranışı, yolların keyfiyyəti, işıqlandırma, nişanların görünməsi, ictimai nəqliyyatın vəziyyəti və operativ nəzarət mexanizmləri də bu sistemin ayrılmaz hissəsidir. 

Ekspert qeyd edib ki, inkişaf etmiş ölkələrdə uğurlu nəticə verən model adətən “cəza + nəzarət + maarifləndirmə + infrastruktur” balansına əsaslanır:

"Yəni insanlar yalnız qorxduqları üçün deyil, qaydaların məntiqini və təhlükəsizlik əhəmiyyətini qəbul etdikləri üçün onlara əməl etməyə başlayırlar.

Azərbaycanda da əgər məqsəd sadəcə protokol sayını artırmaq yox, real qəza statistikasını azaltmaqdırsa, o zaman cərimələrin sərtləşdirilməsi paralel şəkildə sürücü təlimlərinin gücləndirilməsi, məktəblərdə yol təhlükəsizliyi təhsilinin artırılması, ağıllı nəzarət sistemlərinin şəffaf tətbiqi və şəhər nəqliyyat planlamasının yaxşılaşdırılması ilə müşayiət olunmalıdır. 

Əks halda cəmiyyətin bir hissəsində “cərimələr təhlükəsizlik üçün yox, gəlir mənbəyi kimi artırılır” düşüncəsi daha da güclənə bilər ki, bu da qanunlara hörmətin artmasına deyil, əksinə sosial narazılığın dərinləşməsinə səbəb ola bilər".

Seçilən
42
cebheinfo.az

1Mənbələr