AZ

Politoloq: 44 günlük qələbə Qafqazda 200 illik ədalətsiz düzəni dəyişdirdi

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüş zamanı səsləndirdiyi fikirlər regionda yaranmış yeni geosiyasi reallıqların mahiyyətini bir daha ortaya qoydu.

Politoloq Yeganə Hacıyeva APA-ya açıqlamasında bildirib ki, Prezidentin çıxışı həm Azərbaycanın sülh gündəliyinin müəllifi olduğunu təsdiqlədi, həm də regionda bəzi xarici qüvvələrin davam etdirdiyi ikili siyasəti ifşa etdi: “Bu gün Cənubi Qafqazda yaranmış sabitliyin əsas təminatçısı məhz Azərbaycandır. Azərbaycan müharibədə qələbə qazandıqdan sonra revanşizm siyasəti yürütmədi. Əksinə, sülh müqaviləsinin təşəbbüskarı kimi çıxış etdi. Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret təkliflər irəli sürdü. Bu gün regionda sülh prosesinin mövcudluğu Azərbaycanın siyasi iradəsinin nəticəsidir”.

Ermənistan sülh görüntüsü yaratmağa çalışır

Politoloq deyib ki, Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlər, konfranslar və seminarlar vasitəsilə özünü guya sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Halbuki real vəziyyət tamamilə fərqlidir: “Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə ölkə daxilində revanşist dairələrin fəaliyyətinə şərait yaradır. Azərbaycan əleyhinə təbliğat davam etdirilir. Xarici havadarların dəstəyi ilə regionda yeni gərginlik ocaqları formalaşdırmağa cəhd edilir. Bu isə sülh ritorikasının səmimi olmadığını göstərir. Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər Ermənistan rəhbərliyinə və onun xarici dəstəkçilərinə açıq mesaj idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan sülh istəyir, amma bu, zəiflik kimi qəbul edilməməlidir. Azərbaycan istənilən təhlükəyə qarşı qəti addımlar atmaq gücündədir”.

Aİ missiyası regionda gərginliyi artıran amilə çevrilib

Yeganə Hacıyeva Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının Müşahidə Missiyasına da də toxunub: “Hazırkı şəraitdə bu missiyanın mövcudluğu ciddi suallar doğurur. Əgər regionda sülh prosesi gedirsə, tərəflər normallaşma istiqamətində danışıqlar aparırsa, o zaman Avropa İttifaqının müşahidə missiyasına nə ehtiyac var? Bu missiya təhlükəsizliyə xidmət etmir. Əksinə, müəyyən dairələrin bölgədə geosiyasi mövqelərini gücləndirmək cəhdidir. Missiyanın əsas təşəbbüskarlarından biri olan Fransa regionda uzun illərdir Azərbaycana qarşı qərəzli siyasət yürüdür. Bir neçə il əvvəl başlanan məşhur ‘binokl diplomatiyası’ bu gün də davam edir. Ermənistandakı müşahidə missiyası faktiki olaraq siyasi nümayiş xarakteri daşıyır. Bu, nə sülhə xidmət edir, nə də obyektiv vasitəçilik missiyasıdır. Burada daha çox neokolonial yanaşma və səlibçi təfəkkürünü xatırladan davranışlar müşahidə olunur”.

Azərbaycan öz təhlükəsizliyini təmin etməyə qadirdir

Politoloq bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın təhlükəsizlik məsələsində qəti mövqeyini bir daha ortaya qoyması oldu: “Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ermənistanı məhv etmək niyyətində deyil və belə plan heç vaxt olmayıb. Amma eyni zamanda vurğuladı ki, əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə və ölkəmizə qarşı yeni təxribatlara əl atılarsa, Azərbaycan bütün lazımi tədbirləri görəcək. Bu mesaj regionda müəyyən dairələrin yaratmağa çalışdığı yanlış təsəvvürləri dağıdır. Bəzi xarici dairələr uzun müddətdir belə bir mif formalaşdırmağa çalışırlar ki, guya Ermənistan Azərbaycan tərəfindən təhlükə altındadır və xarici müdaxilə olmasa, Bakı İrəvana qarşı genişmiqyaslı hərbi addımlar atacaq. Prezident İlham Əliyev bu manipulyasiyaları tamamilə ifşa etdi”.

44 günlük müharibə tarixi dönüş nöqtəsi oldu

Yeganə Hacıyeva qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın hərbi qələbəsi deyildi. Bu, həm də regionun siyasi tarixində yeni mərhələnin başlanğıcı idi: “Prezident İlham Əliyev 2020-ci ildə təkcə Ermənistan ordusuna qalib gəlmədi. O, həm də uzun illər regionda hökm sürən ədalətsiz siyasi sistemə qalib gəldi. Müharibə nəticəsində Robert Köçəryan və Serj Sarkisyan kimi Qarabağ separatizminin əsas ideoloqlarının siyasi xətti iflasa uğradı. Bu qələbənin miqyası hələ də bəzi dairələr tərəfindən tam dərk olunmur. 44 günlük müharibə Qafqazda 200 il ərzində formalaşmış və Azərbaycan xalqına qarşı yönəlmiş tarixi ədalətsizliyi aradan qaldırdı. Uzun illər bölgədə süni şəkildə yaradılmış status-kvo mövcud idi. Azərbaycan bu sistemi dağıtdı və regionda yeni reallıq yaratdı”.

Heydər Əliyevin siyasi kursu Azərbaycanın xilası oldu

Politoloq Prezident İlham Əliyevin çıxışında Heydar Aliyevin tarixi roluna xüsusi yer ayırmasını da mühüm məqam kimi qiymətləndirib: “1993-cü ildə Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkədə xaos, vətəndaş qarşıdurması, özbaşınalıq hökm sürürdü. Ermənistan işğal siyasətini genişləndirirdi. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini xilas etdi. Müasir Azərbaycan dövlətinin təməlində məhz Ulu Öndərin müəyyən etdiyi strateji xətt dayanır. Ordu quruculuğu, dövlət institutlarının formalaşdırılması, siyasi sabitliyin təmin olunması və milli həmrəyliyin yaradılması sonrakı qələbənin əsasını təşkil etdi. Əgər həmin dövrdə Heydər Əliyevin rəhbərliyi olmasaydı, Azərbaycanın gələcək taleyi çox ağır ola bilərdi”.

Xarici havadarların planları iflasa uğradı

Yeganə Hacıyeva bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də bəzi xarici liderlərin davranışlarına verilən sərt siyasi qiymət idi:

“Prezident açıq şəkildə bildirdi ki, bu gün Ermənistanda özünü ‘qəhrəman’ kimi göstərməyə çalışan bəzi xarici siyasi dairələr 2020-ci ildə də hakimiyyətdə idilər. Əgər onların real gücü və iradəsi var idisə, niyə o zaman Ermənistanı xilas edə bilmədilər? Çünki Azərbaycanın qarşısında heç bir qüvvənin dayanmaq imkanı yox idi. Hazırda regionda formalaşmış reallıq beynəlxalq güclər tərəfindən qəbul edilməlidir. Azərbaycan qalib dövlətdir və regionda əsas siyasi təşəbbüslər Bakının irəli sürdüyü gündəlik əsasında formalaşır. Xarici qüvvələrin köhnə təsir mexanizmləri artıq işləmir”.

Yeni reallıqların müəllifi Azərbaycan oldu

Politoloq vurğulayıb ki, bu gün azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın tarixi qələbəsinin real nəticəsidir: “Prezident İlham Əliyevin Zəngilanda ailələrlə görüşü çox böyük siyasi və mənəvi məna daşıyır. Vaxtilə dağıdılmış torpaqlarda yeni şəhərlər qurulur, insanlar doğma yurdlarına qayıdırlar. Bu, Azərbaycanın yaratdığı yeni reallığın ən aydın göstəricisidir. Regionun gələcəyi də məhz bu reallıqlar əsasında formalaşacaq. Azərbaycan artıq təkcə hərbi və siyasi baxımdan deyil, həm də mənəvi və strateji baxımdan regionun lider dövlətinə çevrilib. Sülhün müəllifi də, təhlükəsizliyin qarantı da Azərbaycandır”.

Seçilən
41
apa.az

1Mənbələr