Beynəlxalq alimlər qrupu ultra emal olunmuş qidaların tez-tez istifadəsinin ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən edib. Araşdırmanın nəticələri European Heart Journal jurnalında dərc olunub.
Editor.az xəbər verir ki, Tədqiqat professorlar Luicino Guasti, Marialaura Bonaccio, Massimo Piepoli və Licia Iacoviello rəhbərliyi altında aparılıb.
Ultra emal olunmuş məhsullara tərkibində çoxlu qatqı maddələri, dadlandırıcılar və emulqatorlar olan sənaye qidaları daxildir. Bunlara şirin qazlı içkilər, çipslər, kolbasa məhsulları, yarımfabrikatlar, sənaye üsulu ilə hazırlanmış şirniyyatlar və hazır yeməklər aid edilir.
Araşdırma nəticələrinə görə, bu tip qidalardan ən çox istifadə edən insanlarda:
* ürək xəstəlikləri riski 19%-ə qədər artır;
* atrial fibrilyasiya halları 13% daha çox müşahidə olunur;
* ürək-damar səbəbli ölüm riski isə 65%-ə qədər yüksələ bilər.
Mütəxəssislər bildiriblər ki, bu məhsulların tərkibində çox miqdarda duz, şəkər və doymuş yağlar olur. Bundan əlavə, sənaye emalı zamanı yaranan bəzi maddələr orqanizmdə iltihab yarada, maddələr mübadiləsini poza və bağırsaq mikroflorasına mənfi təsir göstərə bilər.
Alimlər həkimlərə pasiyentlərlə qidalanma vərdişlərini daha ciddi müzakirə etməyi və qida məhsullarının etiketlənməsinin daha aydın şəkildə aparılmasını tövsiyə ediblər. Bununla yanaşı, onlar qeyd ediblər ki, yekun nəticələr üçün uzunmüddətli klinik araşdırmalara ehtiyac var.
//Gülnarə Abasova, Editor.az