Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
Qərbi Kaspi Universiteti beynəlxalq akademik məkanda mövqeyini daha da möhkəmləndirərək akkreditasiya, keyfiyyət təminatı və müasir təhsil infrastrukturu sahələrində mühüm nailiyyətlər əldə edib. Avropanın yüksək nüfuzlu beynəlxalq akkreditasiya agentlikləri – ASIIN (Mühəndislik, informatika, təbiət və riyaziyyat sahələri üzrə Akkreditasiya Agentliyi) və FIBAA (Beynəlxalq Biznes İdarəetməsi Akkreditasiya Fondu) tərəfindən universitetin bir sıra ixtisaslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi ali təhsil müəssisəsinin qlobal akademik mühitdə artan nüfuzunun mühüm göstəricilərindən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, universitetin son illərdə həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası xüsusilə tədqiqat universiteti modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr verib. Son üç-dörd il ərzində universitetin elmi-tədqiqat bazası əhəmiyyətli dərəcədə gücləndirilib, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər tədris və elmi fəaliyyətə cəlb olunub, universitetdə çalışan gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun elmi fəaliyyətlərdə iştirakı genişləndirilib. Bu yanaşma universitetin elmi nəticələrinin və beynəlxalq elmi platformalarda təmsilçiliyinin artmasına ciddi töhfə verib.
Hazırda Qərbi Kaspi Universiteti 12 ixtisaslaşmış ingilisdilli elmi jurnal nəşr edir. Həmin jurnallarda həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının elmi işləri dərc olunur. Bütün bunların nəticəsi olaraq universitet dünyada ən yüksək reytinqləri olan “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda, əsasən Q1 və Q2 kateqoriyalı jurnallarda çap olunan məqalələrin sayına görə ölkədə lider mövqeyinə yüksəlib.
2026-cı ildə universitet əməkdaşlarının elmi məqalələrinə edilən istinadların sayına görə Qərbi Kaspi Universiteti ölkə üzrə birinci olub. Bu göstərici universitetin Azərbaycan elminin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə verdiyi töhfəni bir daha təsdiqləyir.
Beynəlxalq akkreditasiya prosesləri çərçivəsində ASIIN və FIBAA beynəlxalq agentliklərinin təhsil ekspertləri universitetdə bir neçə dəfə olublar. Onlar universitetin akademik proqramları, elmi-tədqiqat fəaliyyəti ilə yaxından tanış olublar, tələbə və professor-müəllim heyəti, habelə məzunlar və işə götürən tərəfdaş müəssisələrin nümayəndələri ilə görüşərək, ikili diplom proqramları, innovativ layihələr və beynəlxalq tərəfdaşlıqlar haqqında geniş şəkildə məlumat əldə ediblər. Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və tədris infrastrukturu ilə yaxından tanış olaraq yaradılmış şəraiti yüksək qiymətləndirib.
Qərbi Kaspi Universitetinin bakalavriat səviyyəsi üzrə biologiya (ixtisas kodu 050505), su bioresursları və akvakultura (ixtisas kodu 050708), ekologiya (ixtisas kodu 050504), meşəçilik (ixtisas kodu 050706), kompüter mühəndisliyi (ixtisas kodu 050631), kompüter elmləri (ixtisas kodu 050509), informasiya texnologiyaları (ixtisas kodu 050616), informasiya təhlükəsizliyi (ixtisas kodu 050615), cihaz mühəndisliyi (ixtisas kodu 050624), mexatronika və robototexnika mühəndisliyi (ixtisas kodu 050629) ixtisasları, habelə magistratura səviyyəsi üzrə biologiya (ixtisas kodu 060505) ixtisasının genetika, molekulyar biologiya ixtisaslaşmaları, ekologiya (ixtisas kodu 060510) ixtisasının - ətraf mühitin mühafizəsi və bərpa metodları ixtisaslaşması, beynəlxalq proqram akkreditasiyasından uğurla keçib.
Bununla yanaşı, Qərbi Kaspi Universitetinin iqtisadiyyat (ixtisas kodu 050405), maliyyə (ixtisas kodu 050406), marketinq (ixtisas kodu 050407), menecment (ixtisas kodu 050408) və biznesin idarə edilməsi (ixtisas kodu 050402) ixtisasları 2026-cı ilin mart ayında FIBAA-nın akkreditasiya agentliyi tərəfindən Avropa təhsil standartlarına uyğun hesab olunub. Bu akkreditasiyalar tələbə və məzunların beynəlxalq təhsil və əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradır.
Eyni zamanda, Qərbi Kaspi Universiteti lider mövqeyini davam etdirərək 2026-cı ilin aprel ayında ASIIN beynəlxalq akkreditasiya agentliyi tərəfindən institusional akkreditasiya qiymətləndirilməsindən də uğurla keçib. Bu uğur universitetin ümumilikdə Avropa ali təhsil məkanının keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Akkreditasiya proseslərinin nəticəsi olaraq universitetdə laboratoriya və tədqiqat infrastrukturu daha da gücləndirilib. Müasir texnoloji avadanlıqlarla təchiz edilən laboratoriyalar tələbələrin praktiki bacarıqlarının inkişafına, innovativ layihələrin hazırlanmasına və elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir.
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində fəaliyyət göstərən Ağıllı cihazlar mexanikası laboratoriyası, “Deeptech” süni intellekt tədqiqat və hesablama laboratoriyası, Data analitika və şəbəkələşmə laboratoriyası, Kompüter mühəndisliyi laboratoriyası, Geomatika laboratoriyası, Kimya və ətraf mühitin monitorinqi laboratoriyası, Genetika və molekulyar biologiya laboratoriyası , Biotexnologiya laboratoriyası, Tədqiqat Mərkəzinin Ekoloji və biomüxtəliflik tədqiqatlar, Meşə artımının təhlili və dendroxronologiya, Qida mühəndisliyi laboratoriyaları universitetin elmi potensialının əsas göstəricilərindən hesab olunur.
Eyni zamanda, Biznes və İdarəetmə Məktəbində Birja əməliyyatlarının simulyasiya laboratoriyası, Filologiya və Tərcümə Məktəbində yaradılmış “Linqvistika” Tədqiqat Mərkəzi , Siyasi və İctimai Elmlər Məktəbində fəaliyyət göstərən Siyasi analiz və diplomatik simulyasiya laboratoriyası, eləcə də Dizayn Məktəbinin xüsusi emalatxanaları universitetin multidisiplinar elmi-tədqiqat imkanlarını daha da genişləndirir.
Beynəlxalq akkreditasiya göstəriciləri, müasir elmi infrastruktur və artan elmi nəticələr Qərbi Kaspi Universitetinin qlobal təhsil məkanında mövqeyinin daha da möhkəmləndiyini, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini və yüksək ixtisaslı mütəxəssis hazırlığında mühüm nailiyyətlər əldə etdiyini bir daha təsdiqləyir.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.