Tanınmış opera müğənnisi Ülvi Qılınc bir müddət öncə efirdən kənarlaşdırılan aparıcılar Zaur Bəxşəliyev, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərlə bağlı ölkə rəhbərliyinə müraciət edib.
Ü.Qılınc bu barədə Pravda.az-a açıqlama verərək deyib ki, o, həmin aparıcıların efirə qaytarılmalarını istəyir.
Müğənni qeyd edib ki, Azərbaycana xidmət edən üç aparıcı var: “Birincisi Zaur Baxşəliyevdir, insanlara çox dəstək göstərir, bütün komandası ilə bərabər böyük bir nazirliyin işini görən insanlardandır. Təkcə bir uşağın sağalması üçün üç milyon manat vəsait yığmışdılar. Belə insanları efirdən tamamilə yığışdırmaq, boşluq yaratmaq düzgün deyil. Bununla bərabər Elgiz Əkbər. Bu aparıcılar mənim üçün əziz insanlardır, amma məsələ bu deyil. Xalq artistlərindən birinin fanatı çox ağır vərəm xəstəsi idi. Həmin Xalq artistinin qapısına getmişdi, o isə kömək etməmişdi. Elgiz Əkbər ona kömək etdi. 20 il öncə baş vermiş hadisədən söhbət gedir. Elgiz Əkbər həmin xəstəni Vərəm Əleyhinə Dispanserə yerləşdirdi. Üzdə olan pafoslu xalq artistləri heç kimə lazım deyil. Bu insanlar isə iş görüblər. Elgiz Əkbər yeganə aparıcıdır ki, insanların üzünü güldürür. Heç vaxt üz-üzə gəlmədiyim, verilişində olmadığım dəyərli aparıcı Xoşqədəm Hidayətqızı dörd cinayətin üstünü açıb. Zirzəmidən cəsəd çıxarılıb, sahibinə təhvil verilib, 30 ilin cinayətini araşdırıb... Bu, çətin bir işdir. Xoşqədəm Hidayətqızı böyük bir işə imza atıb. Bu gün bu cür aparıcıların hamısını necə efirdən uzaqlaşdırmaq olar? Sosial şəbəkələrdə bəziləri çox boş danışırlar. Heç o cür danışanların özləri ideal deyil, amma idealizm axtarırlar. Dövlət başçımız cənab İlham Əliyevdən xahiş edirəm, bu cür yaxşı insanların efirə qayıtmalarına vəsilə olsun. Müraciət edə biləcəyimiz başqa yerimiz yoxdur. Bu insanlar Azərbaycan xalqına xidmət edirlər”.
Aytəkin Qardaşova