AZ

Azərbaycanla Vatikan səhiyyə və pediatriya sahəsində əməkdaşlığı müzakirə edib

Səhiyyə naziri Teymur Musayev Vatikanın "Bambino Gesu" pediatrik xəstəxanasının Prezidenti Titsiano Onestinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səhiyyə və pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı həmçinin uşaq sağlamlığının qorunmasına dair birgə təşəbbüslər müzakirə olunub.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanın səhiyyə sistemi son illərdə genişmiqyaslı islahatlar və dövlət proqramları nəticəsində əhəmiyyətli inkişaf yolu keçib:

"Ölkədə müasir tibb infrastrukturu yaradılıb, yeni xəstəxana və ixtisaslaşmış tibbi mərkəzlər istifadəyə verilib, rəqəmsal səhiyyə həllərinin tətbiqi genişləndirilib. Xüsusilə pediatriya, talassemiya, ana və uşaq sağlamlığı sahələrində mühüm nailiyyətlər əldə olunub".

T.Musayev qeyd edib ki, "Bambino Gesu" pediatrik xəstəxanası kimi dünya səviyyəli nüfuzlu tibb müəssisəsi ilə əməkdaşlıq Azərbaycanda pediatriya xidmətlərinin inkişafına mühüm töhfə verəcək".

Öz növbəsində T.Onesti Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, xüsusilə talassemiya və digər irsi xəstəliklərin idarə olunması sahəsində Azərbaycanın təcrübəsinin diqqətçəkən olduğunu vurğulayıb və Heydar Əliyev Fondu, Səhiyyə Nazirliyi və "Bambino Gesu" pediatrik xəstəxanası arasında imzalanmış Memorandumun gələcəkdə uğurlu birgə layihələrin həyata keçirilməsinə imkan yaradacağını qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyətinin nazirliyin K.Fərəcova adına Pediatriya Elmi-Tədqiqat İnstitutu, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, və Azərbaycan Tibb Universitetində görüşlərin keçirməsi nəzərdə tutulur.

Seçilən
1
7
sia.az

9Mənbələr