AZ

Zahid Oruc:””Canlı yayım istismarı” bütün ölkələr üçün xarakterikdir”…

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün ölkəmizdə böyük ehtiramla qeyd olunduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin altıncı ildönümünə qədəm qoyduğumuz, işğaldan azad edilən Şuşa şəhəri və digər azad torpaqlarda 34 ildən sonra vətəndaşlarımızın təhlükəsiz, ləyaqətli və dayanıqlı yaşayış şəraitində məskunlaşdığı bir dövrdə Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun sayca 21-ci İllik Məlumatını müzakirə edir.

Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət göstərdiyi dövrün mühüm hissəsi torpaqların işğal altında qaldığı, beynəlxalq nəzarətdən kənarda “boz zonalarda” insan alveri, qanunsuz miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarının geniş yayıldığı mərhələ kimi xarakterizə olunur:

“Qürurla vurğulayaq ki, Milli Koordinatorun təqdim etdiyi İllik Məlumat ərazi bütövlüyü və dövlət suverenliyimizin tam bərpasından sonrakı dövr üzrə artıq üçüncü hesabatdır. Milli Məclisdə aparılan müzakirələrə ötən on illərlə müqayisədə baxıldıqda, ölkəmizdə təhlükəsizlik şəraiti və kriminogen sabitliyin təminatında köklü dəyişikliklər baş verib. Vaxtilə işğal və təmas xətti ərazilərində indi dövlət hakimiyyəti tam bərpa olunub, “boz zonalar” aradan qaldırılıb, keçmiş məcburi köçkünlərin təməl hüquqları bərpa olunub və təhlükəsiz həyata  dönüş ediblər.

İnsan alveri müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri olaraq, yalnız hüquq-mühafizə orqanlarının qarşısında dayanan problem deyil, cinayətlərin coğrafiyası beynəlxalq terror qədər çoxşaxəlidir.

2025-ci il üzrə beynəlxalq hesabat və qiymətləndirmələrdə xüsusi vurğulanır ki, müharibələr, silahlı münaqişələr, iqtisadi böhranlar və beynəlxalq təhlükəsizlik problemləri insan alverinin yayılmasına birbaşa təsir göstərir.

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2025-ci ildə yayımladığı Ukrayna üzrə xüsusi araşdırmada qeyd olunur ki, müharibə nəticəsində milyonlarla insanın məcburi köçkün vəziyyətinə düşməsi insan alveri risklərini əhəmiyyətli dərəcədə artırıb, xüsusilə qadınlar, uşaqlar və miqrantlar transmilli cinayətkar şəbəkələrin əsas hədəfinə çevrilib.

Beynəlxalq statistikaya nəzər saldıqda görürük ki, 2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox insan alveri qurbanı qeydə alınıb, ATƏT məkanında isə təkcə 2024-cü ildə 30 min insan alveri qurbanı müəyyən edilib.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.

İlk növbədə, institusional mexanizmlərin gücləndirilib, qanunvericilik bazası təkmilləşdirilib, müvafiq hüquqi aktlara, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilib. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Göründüyü kimi, mübarizənin hüquqi bazası beynəlxalq meyarlara və aparıcı təşkilatların tövsiyələrinə tam uyğundur.

Yeni Milli Fəaliyyət Planında vurğulandığı kimi, ölkəmizdə insan alveri cinayətləri və onun formaları ümumilikdə bütün cinayətlərin 1 faizini təşkil etmir.

Ona görə də sayca 5-ci olan MFP-nın hazırlanması  mühüm hadisədir və təkmilləşən qanunvericilik siyasəti baxımından təqdir olunur.

İnsan alverinə qarşı dünya təcrübəsində həyata keçirilən fəaliyyətlərdə “4P model”i qəbul və təsdiq edilib. Yəni, Prevention-qabaqlayıcı tədbirlər, Protection-müdafiə, Prosecution-cinayət təqibi, Partnership- tərəfdaşlıq hesab olunur. Avropanın əksər ölkələrində son çağırışlar  İnsan alveri ailə ilə bağlı  gender əsaslı (“gender mərkəzli, gender həssas” tədbirlərin) hazırlanması və yeni texnologiyaların (Süni İntellekt və s.) insan alveri ilə mübarizədə statusunun müəyyənləşdirilməsi, “onlayn insan alverinə” qarşı mübarizə tədbirləri, kəmiyyət və keyfiyyət əsaslı tədqiqatların aparılması, data bazalarının yaradılması tələb olunur.

ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatorunun Ofisi Avropada  39 ölkənin qüvvədə olan hüquqi aktlarını təhlil nəticələrini açıqlayıb.

İnsan alveri cinayətlərinin əsas tendensiyaları, dinamikası haqqında kəmiyyət və keyfiyyət əsaslı tədqiqatlar aparılması, data bazanın yaradılması sahəsində   dövlətlərin Avstriya başda daxil olmaqla, yalnız 10 dövlət xüsusi fərqlənir.  Fransa və ABŞ-da online platformaların, sosial şəbəkə səhifələrinin, kontent yaradıcıların aşkarlanması tədbirləri daha üstünlük təşkil edir. Məcburi əmək istismarı ilə mübarizə Polşa və Kanadada güclüdür. İnsan Alverinə qarşı mübarizədə MFP icra edən hər bir sahəvi quruma ayrılan maliyyə və məsuliyyəti, hesabatlıq Finlandiya və Albaniya nümunəsi təqdir edilir. Göründüyü kimi, yerləşdiyimiz qitənin özündə hər bir milli hökumətlərin qarşısında dayanan təhlükələr və iqtisadi-sosial çağırışlar tamamilə bir-birindən fərqlidir. Lakin İnsan alveri dünyada yüksək dərəcədə gender-həssas xarakterli cinayət olaraq qalır: cinsi istismar məqsədi ilə qurbanların 92%-i qadınlar və qızlardır, kişilər və oğlanlar isə məcburi əmək qurbanlarının 59%-ni təşkil edir.

Statistik məlumatlara gəldikdə isə 2025-ci ildə 198 insan alveri ilə bağlı cinayət faktı aşkarlanıb, böyük əksəriyyəti açılıb, təqsirkar şəxslər məsuliyyətə cəlb edilib.

Eyni zamanda, 46 insan alveri qurbanı müəyyən edilib, onların hamısı qadınlar olub. Göstərilən fakt dərin təhlillər tələb edir.

Hesabatın təhlili göstərir ki, son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur. Əlbəttə, əldə olunan nəticələr Daxili İşlər orqanlarının peşəkarlığı ilə birbaşa bağlıdır.

Statistik təhlillər göstərir ki, insan alveri cinayətlərinin strukturunda cinsi istismar üstünlük təşkil edir. Belə ki, 2025-ci ildə qeydə alınmış faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər 22,7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub..

Eyni zamanda, uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir-2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib.

Diqqət çəkən digər mühüm statistik məqam insan alveri qurbanlarının demoqrafik göstəriciləridir. 2025-ci ildə müəyyən edilmiş 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib.  Nəticələr göstərir ki, risk qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir.

Bundan əlavə, 2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risk faktorlarının mövcudluğunu bir daha təsdiqləyir.

Cinayətkarların strukturu da maraqlıdır- son 21 ildə məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Fakt göstərir ki, insan alveri cinayətlərində qadınlar təkcə qurban deyil, eyni zamanda, cinayətkar kimi də yüksəkdir və təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin daha dərindən öyrənilməsini tələb edir.

2025-ci ildə insan alveri qurbanlarının coğrafiyasına nəzər saldıqda isə onların 72 faizinin Türkiyədə, 22 faizinin Birləşmiş Ərəb Əmirliklərində, 6 faizinin isə Pakistanda istismara məruz qaldığı müəyyən edilib. Göstəricilər bir daha təsdiq edir ki, insan alveri əsasən ölkə hüdudlarından kənarda baş verən transmilli cinayət xarakteri daşıyır.

Eyni zamanda, hüquq-mühafizə tədbirlərinin effektivliyini göstərən digər statistik göstərici cinayətlərin açılma səviyyəsidir. 2025-ci ildə insan alveri cinayətlərinin 97 faizi açılıb, 2 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Daxili İşlər nazirliyinin qaynar xətlərinin il ərzində əhalidən qəbul etdiyi 2.5-3 milyon zəng, sorğu və müraciət bir tərəfdən onların üzərinə düşən işin miqyasını görməyə imkan verir, digər tərəfdən operativ-axtarış və istintaq fəaliyyətinin yaxşı təşkil olunduğunu göstərir.

“152” qaynar xəttinə daxil olan 10.490 müraciətin əvvəlki illə müqayisədə artması vətəndaşların məlumatlılıq səviyyəsinin də yüksəldiyini göstərir.

Qurbanlarla iş sahəsində müəyyən edilən birdəfəlik 700 manat məbləğində müavinət ödənilib, lakin hər zaman belə ağır cinayətlərin zərərçəkənlərinə fərqli sosial və mənəvi reabilitasiya proqramları tələb olunur.

Əmək bazarı və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin statistikası da insan alverinə qarşı mübarizədə mühüm rol oynayır. Uşaq əməyinin istismarı ilə bağlı aparılan reydlər zamanı isə 936 uşaq risk qrupunda müəyyən edilib, 511 valideynlə bağlı tədbirlər görülüb. Göstəricilər profilaktik müdaxilə tədbiridir, lakin hökumətin sosial müdafiə və himayə siyasəti olmadan arzuolunan effekti verə bilməz.

Göründüyü kimi, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində əldə olunan nəticələrdə Daxili İşlər Nazirliyinin fəaliyyəti, formalaşan institusional idarəetmə mexanizmləri və dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyət mühüm əhəmiyyət kəsb edir.

Uzun müddət insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator kimi uğurla çalışan nazir Vilayət Eyvazovun  beynəlxalq tərəfdaşlarla peşəkar əməkdaşlığı, hesabatların vaxtında və xüsusi tələblərə uyğun təqdimatı, konstruktiv və nəticəyönümlü fəaliyyəti müsbət nəticələrdə xüsusi rola malikdir. Digər tərəfdən, Daxili İşlər Nazirliyi ilə Milli Məclis arasında formalaşan açıq dialoq və əməkdaşlıq mühiti, deputat müraciətlərinə və sorğularına operativ, həssas və məsuliyyətli yanaşma, bir sıra hallarda məsələlərin nazir tərəfindən birbaşa nəzarətə götürülməsi və şəxsən münasibət bildirilməsi hakimiyyət institutları arasında qarşılıqlı etimad və koordinasiya nümunəsidir.

Xüsusi vurğulayaq ki, dövlətçiliyimizin və ictimai təhlükəsizliyin qorunmasında mühüm rola malik olan daxili işlər və təhlükəsizlik orqanlarına xarici hibrid hücumlar, terror mediasının fasiləsiz ləkələmə kampaniyaları xalqımıza, dövlətimizə və Qələbəmizə qarşı sistemli qəsdlərin tərkib hissəsidir.

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə müsbət qiymətləndirilsə də, həm Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupu-GRETA, həm də ABŞ Dövlət Departamenti tərəfindən müəyyən istiqamətlər üzrə əlavə tədbirlərin görülməsi tövsiyə olunub.

GRETA-nın Azərbaycanla bağlı qiymətləndirməsində xüsusilə vurğulanır ki, məcburi əmək və əmək istismarı ilə bağlı halların aşkarlanması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Tikinti, kənd təsərrüfatı, xidmət və qeyri-formal məşğulluq sahələrinin riskli sektorlar kimi diqqətdə saxlanılması tövsiyə olunur. Xüsusilə, doğum qeydiyyatı olmayan uşaqların sənədlərlə təmini, təhsildən yayınma hallarının qarşısının alınması və  cinayətkar şəbəkələrin gəlir mənbələrinin müəyyən olunması, çirkli pulların hərəkətinin izlənilməsi və transmilli maliyyə əlaqələrinin araşdırılması da vacib istiqamətlər kimi göstərilib.

Dövlət Departamentinin hesabatında isə Azərbaycan tərəfindən insan alverinə qarşı mübarizə istiqamətində qanunvericilik və institusional tədbirlərin davam etdirildiyi, Hökumətin əvvəlki hesabat dövrü ilə müqayisədə artan səyləri nümayiş etdirdiyi üçün Azərbaycanın 2-ci səviyyədə qaldığı qeyd olunur. Lakin Dövlət Departamentinin Hesabatında yer alan onlarla tövsiyə və ittihamların dəqiq cavablandırılmasına ehtiyac var.

Məsələn, insan alveri cinayətlərini ciddi şəkildə araşdırın və məhkəməyə verin, həmçinin, cinayətkar məmurlar da daxil olmaqla, insan alveri ilə məşğul olan məhkumlar üçün adekvat cəzalar tələb edin, kimi imperativ göstərişin-az qala ittihamın meydana çıxması dünya üçün etalon rəy hesab olunan sənədlərdə yer almamalıdır. Çünki insan alverinə qarşı mübarizə ölkəmizdə məmurlara qarşı və özəl sektor bölgüsü qoyulmadan aparılır.

Digər ittiham ondan ibarətdir ki, hökumət ön cəbhə rəsmilərinə təlim keçdiyini  və hüquq-mühafizə fəaliyyəti ilə bağlı xarici həmkarları ilə əməkdaşlıq etdiyini bildirməyib; lakin media hüquq-mühafizə orqanlarının İNTERPOL ilə əməkdaşlığı davam etdirdiyini bildirib. Göründüyü kimi, irəli sürülən iradların bir çoxu məlumatsızlıqdan, eləcə də əvvəlki illərdə olduğu kimi siyasi və hüquqi qərəzdən irəli gəlir. Ona görə də beynəlxalq əlaqələrin gücləndirilməsi və ölkəmizdə aparılan tədbirlərin mütəmadi Dövlət Departamenti və Ekspertlər Şurasına təqdim olunması təkcə göstəricilərimizin yüksəlməsinə təsir etməyəcək, həmçinin güclü xarici dəstək və yardımlar qazandıracaq.

Departamentin sənədlərində xüsusi yer alan məsələ-dünyada cinayətkar şəbəkələrin fəaliyyətinin rəqəmsal mühitə sürətlə adaptasiya etməsinin, sosial medianın, onlayn iş elanları və müxtəlif rəqəmsal kommunikasiya vasitələrinin insan alverçiləri üçün yeni “cəlb etmə alətləri”nə çevrilməsi, təhsil vədləri, xidmət sektoru ilə bağlı təkliflər adı altında şəxslərin aldadılaraq istismara məruz qalması, “gizli iqtisadiyyat” daxilində- qeyri-formal sektorda – tikinti, kənd təsərrüfatı, xidmət və ev təsərrüfatlarında istismar olunma hallarına hər bir milli hakimiyyətin nəzarətinin gücləndirməsinə ehtiyac vurğulanır.

Hər iki beynəlxalq mexanizmin hesabatlarında insan alverinin “canlı yayım istismarı” bütün ölkələr üçün virtual məkandan gələn təhlükəyə diqqətin artırılması tələbidir.

Yekunda İllik Məlumatı ümumiləşdirərək, qarşıda yeni və daha mürəkkəb çağırışların olduğunu söyləmək olar. Dövlətimizin daha çevik, innovativ və koordinasiyalı fəaliyyəti davam etdirməsinə ehtiyac var.

İki Komitənin birgə müzakirəsində irəli sürülən təkliflər sırasında normativ-hüquqi bazanın davamlı təkmilləşdirilməsi, rəqəmsal mühitdə süni intellekt əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsi, tədqiqat əsaslı məlumat bazasının yaradılması, qiymətləndirici indikatorların genişləndirilməsi, vətəndaş cəmiyyətinə və sığınacaqlara maliyyə yardımlarının göstərilməsi, beynəlxalq tərəfdaşlarla əlaqələrin intensivləşdirilməsi və digər tədbirlərin nəticəsində əldə olunan nailiyyətlərin daha da möhkəmlənəcəyinə inam ifadə olundu”.

 

Seçilən
25
4
heftelik.az

10Mənbələr