Havay adaları yaxınlığında aparılan dərin okean araşdırmaları zamanı alimləri heyrətləndirən geoloji quruluş aşkarlanıb.
Musavat.com xəbər verir ki, okeanın dibində yerləşən və sanki insan əli ilə düzəldilmiş yolu xatırladan nizamlı daş formaları böyük maraq doğurub.
Sualtı tədqiqat aparatı tərəfindən qeydə alınan görüntülərdə dəniz dibində səliqəli düzülmüş daş plitələrə bənzər quruluş görünür. İlk baxışda qədim yol və ya itmiş sivilizasiyanın izləri kimi görünən formasiya bəzi istifadəçilər tərəfindən “Atlantis yolu” adlandırılıb.
Lakin alimlər bildirirlər ki, bu qeyri-adi görüntünün insanlarla əlaqəsi yoxdur. Araşdırmalar nəticəsində məlum olub ki, quruluş qədim vulkanik proseslər nəticəsində yaranıb. İsti lavanın soyuq okean suyu ilə təması nəticəsində qayalarda 90 dərəcəlik çatlar əmələ gəlib və bu da daş döşəməyə bənzər görüntü yaradıb.
Mütəxəssislər qeyd edirlər ki, okean dibinin böyük hissəsi hələ də tam araşdırılmayıb. Elmi məlumatlara görə, dərin okean tabanının yalnız çox kiçik hissəsi vizual şəkildə öyrənilib və gələcəkdə buna bənzər daha çox sirli kəşfin ediləcəyi ehtimal olunur.
Musavat.com