AZ

“ATƏT in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Ermənistanın himayəsi altında fəaliyyət göstərən erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb olunsa da, ATƏT-in Minsk qrupu bu sənədlərin icrasını təmin edəcək təsirli mexanizm formalaşdıra bilmədi. Həmsədrlər daim münaqişənin hərbi həll yolunun olmadığını vurğulayırdılar. Hətta müəyyən dövrdə Ermənistanla birgə “Şimali Qarabağ” ifadəsini gündəmə gətirməklə mövcud vəziyyəti legitimləşdirməyə çalışırdılar. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

P.Vəliyeva qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu: “Bu, eyni zamanda onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur. Yeni dünya düzəni Cənubi Qafqazdan, məhz, Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan başladı. Beynəlxalq hüquq və çoxtərəflilik artıq heç bir münaqişənin həllində rol oynaya bilməməsi, güc faktorunun münaqişələri həll etməsi faktı təsdiqləndi. ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu. Azərbaycan tarixi Zəfər qazandı. Yarandığı gündən konstruktiv və ədalətli fəaliyyət göstərə bilməyən Minsk qrupu Azərbaycan ictimaiyyəti və rəhbərliyi tərəfindən dəfələrlə tənqid edilib. ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədr ölkələr işğalın legitimləşdirilməsinə çalışmış, lakin Azərbaycan xalqı işğalla heç zaman barışmamışdı. Xarici vasitəçilərin nəticəsiz fəaliyyəti fonunda ölkəmiz müstəqil siyasət kursunu ardıcıl şəkildə gücləndirdi. Bununla da Minsk qrupunun mövcudluğuna ehtiyac tamamilə aradan qalxdı”.

Onun sözlərinə görə, 8 avqust Vaşinqton görüşündə Prezident İlham Əliyevin prinsipial diplomatik addımları nəticəsində Ermənistan şərtlərimizlə razılaşmağa məcbur edildi, Minsk qrupunun ləğvi təmin olundu: “Bu, Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir. Bunlar sıravi dövlətlər deyil, nüvə silahına malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr idi ki, qarşımızda dayanmışdı. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Dövlət Başçımız qeyd edib ki, təkcə həmin ölkələr deyil, digər qüvvələr də Azərbaycanın qələbəsini istəmirdi. Ancaq Azərbaycan siyasi iradəsi ilə bütün bu maneələri aşaraq öz sözünü dedi”

Deputat həmçinin əlavə edib ki, xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra — 12 dekabr 2020-ci ildə Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Prezident İlham Əliyevin qəbulunda olmuşdular: “Prezident həmin görüşlə bağlı demişdi: “Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Nəticə etibarilə, avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdən sonra ATƏT Nazirlər Şurası tərəfindən Minsk Prosesi və onunla əlaqəli qurumların — ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk Konfransı üzrə şəxsi nümayəndəliyinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə son qoyuldu. Maraqlıdır ki, bu qərar nə Vaşinqtonda, nə Parisdə, nə də Moskvada ciddi geosiyasi mübahisə doğurmadı. Çünki Azərbaycan buna beynəlxalq hüququn prinsipləri çərçivəsində nail olmuşdu”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr