AZ

“Azərbaycan yeni geosiyasi reallığın memarıdır və sülh diplomatiyası uğurla davam edir” Deputat

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Bu gün regionda yeni geosiyasi reallıq formalaşıb və bu yeni status-kvonun müəllifi Azərbaycandır. Azərbaycan hazırda sülh diplomatiyası həyata keçirir və bu siyasi təşəbbüslərin memarı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Ona görə də cənab prezident çıxışında xüsusi vurğuladı ki, “biz istəməsəydik, sülh olmazdı”. Bu, son dərəcə mühüm mesaj idi. Necə ki, bir vaxtlar ABŞ Prezidenti də bununla bağlı cənab Prezidentə müraciət etmişdi. Azərbaycan sülhə nail olmaq üçün yalnız hərbi güc nümayiş etdirmədi, eyni zamanda siyasi və diplomatik vasitələrdən də uğurla istifadə etdi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Burada bir ifadəyə xüsusi diqqət yetirmək lazımdır. Cənab prezident dedi ki, “ultimatum verdik”. Bu ultimatumun müəllifi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı idi. Məhz həmin ultimatum nəticəsində Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyatlar aparılmadan azad olundu. Bu isə olduqca vacib məqam idi. Ağdamda mina təhlükəsi mövcud idi, Laçın və Kəlbəcərin Ermənistanla həmsərhəd olması, mürəkkəb dağ relyefi və əlavə çətinliklər vəziyyəti daha da ağırlaşdırırdı. Bu baxımdan cənab prezidentin verdiyi ultimatum həm tarixi, həm də strateji xarakter daşıyırdı. Biz hər zaman qeyd etməliyik ki, torpaqlarımız həm hərbi güc, həm də siyasi-diplomatik vasitələrlə azad edildi.

Diqqətçəkən digər mühüm məqam isə prezidentin beynəlxalq humanitar hüquqla bağlı söylədikləri idi. Bildiyiniz kimi, beynəlxalq humanitar hüquq beynəlxalq hüquqdan fərqli olaraq əsasən müharibə dövründə tətbiq olunur. Yəni hərbi əməliyyatlar zamanı beynəlxalq hüquqla yanaşı, beynəlxalq humanitar hüququn prinsipləri də qüvvəyə minir. Burada Cenevrə konvensiyaları və digər beynəlxalq normalar nəzərdə tutulur. Azərbaycan əsgəri isə ləyaqətlə döyüşdü və həmin prinsiplərə əməl etdi. Bu, birmənalıdır. Təbii ki, bunu bizim deməyimiz və yaxud mətbuatın yazması başadüşüləndir. Amma prezidentə İspaniyanın və Almaniyanın şəhər bələdiyyələri tərəfindən sülh və barış mükafatı təqdim olunursa, bu, Azərbaycan dövlətinin beynəlxalq humanitar hüququn prinsiplərinə sadiqliyinə verilən qiymətdir. Biz nə almanları, nə də ispanları həqiqətə uyğun olmayan bir məsələyə inandıra bilməzdik. Mən uzun illər Almaniyada diplomatik xidmətdə olmuşam və həmin xalqın həm mentalitetini, həm də hadisələrə yanaşma tərzini yaxşı bilirəm".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
redaktor.az

2Mənbələr