AZ

Trampın yeni planı: Bu ölkəyə də “qarmaq atır”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Liviyada hakimiyyəti vahidləşdirməyə çalışır.

Qeyd edək ki, ərəb dünyasına bağlı mənbələrin məlumatına görə, Vaşinqton iki nüfuzlu siyasi və klan qrupuna güvənərək 12 ildir bölünmüş Liviyanı birləşdirməyi planlaşdırır.

Təklif olunan konfiqurasiyaya əsasən, vahid ölkədə hakimiyyət qərb və şərq arasında bölünəcək: 

Qərb bölgəsi Dbeybah ailəsi tərəfindən idarə olunacaq, şərq bölgəsi isə Haftar ailəsinin təsiri altında olacaq.

Əsas fiqurlar Prezident vəzifəsini icra edəcək Liviya Milli Ordusunun (MBH) komandiri feldmarşal Xəlifə Haftarın 35 yaşlı oğlu Səddam Haftar və baş nazir vəzifəsini icra edəcək Dbeybah ailəsinin üzvü İbrahim hesab olunur. 

Əbdülhəmid Dbeybahın artıq ölkənin qərbində hökumətə rəhbərlik etməsi diqqətəlayiqdir.Yeni modelə əsasən, baş nazir hökümət başçısı, prezident isə dövlət başçısı olacaq. 

Prezidentin qərarlara veto hüququ olacaq. Eyni zamanda prezident parlamenti buraxa biləcək. Parlament də baş nazir və prezidentin qanunlarını bloklaya bilər. Kollektiv kvotalı bir parlament olacaq.

Maraqlıdır, hazırkı beynəlxalq proseslər fonunda Liviyada vahid dövlətin qurulması nə dərəcədə inandırıcı ola bilər? Bu dövlət sistemi federal əsaslara söykənəcək? 

ABŞ-nin Liviyada vahid dövlət qurmaqda əsas məqsədi nə ola bilər və hansı hədəfə nail olmaq istəyir? 

Vaşinqton burada hansı dividentlər qazanmaq niyyətindədir? Rusiya, Misir və Türkiyənin Liviyada vahid dövlətin formalaşmasına münasibəti nə olacaq?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Liviyada vahid dövlətin qurulması praktiki baxımdan qeyri-real görünür:

“Liviyada son dövrlərdə müşahidə olunan siyasi dinamika göstərir ki, beynəlxalq güclər artıq bu ölkədə “tam demokratik keçid” modelindən daha çox “idarəolunan sabitlik” modelinə üstünlük verməyə başlayıblar.

ABŞ-nin Haftar və Dbeybah ailələri üzərindən Liviyada vahid hakimiyyət modeli formalaşdırmağa çalışması da məhz bu geosiyasi yanaşmanın nəticəsi kimi qiymətləndirilə bilər.

Əslində Vaşinqton uzun illər davam edən xaosun artıq nə Qərbin təhlükəsizlik maraqlarına, nə də enerji siyasətinə uyğun gəldiyini düşünür. Bu baxımdan, Liviyada yeni siyasi arxitektura qurmaq cəhdi son illərin ən ciddi geosiyasi layihələrindən biri hesab oluna bilər.

Birincisi, ondan ibarətdir ki, Liviyada vahid dövlətin qurulması nəzəri baxımdan mümkün olsa da, bunun klassik mərkəzləşdirilmiş dövlət formasında həyata keçməsi yaxın perspektivdə o qədər də real görünmür.

Çünki 2011-ci ildə Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra ölkədə vahid siyasi sistem dağıldı və onun yerində regional, qəbilə və silahlı qruplara əsaslanan parçalanmış hakimiyyət modeli yarandı. 

Hazırda Liviyanın qərbində Tripoli mərkəzli hökumət və ona bağlı silahlı qruplar, şərqində isə Xəlifə Haftarın nəzarət etdiyi hərbi-siyasi sistem mövcuddur.

Bundan əlavə, cənub bölgəsində müxtəlif qəbilə və silahlı şəbəkələr fəaliyyət göstərir. Bu səbəbdən Liviyada birdən-birə vahid və güclü mərkəzi hakimiyyət qurmaq olduqca çətindir”.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən son proseslər Liviyanın geosiyasi əhəmiyyətini artırıb:

“Bununla belə, beynəlxalq aktorlar artıq başa düşürlər ki, ölkənin tam parçalanması həm Aralıq dənizi təhlükəsizliyi, həm enerji bazarı, həm də miqrasiya baxımından ciddi risk yaradır. Xüsusilə Yaxın Şərqdə artan gərginlik və enerji marşrutları üzərində risklərin böyüməsi Liviyanın strateji əhəmiyyətini yenidən artırıb.

ABŞ də məhz buna görə Liviyada “tam qələbə” modelindən deyil, “kompromisli hakimiyyət bölgüsü” modelindən istifadə etməyə çalışır. Bu mənada Liviyanın gələcək dövlət modelinin necə olacağı maraqlı məqamdır. 

Hazırkı proseslər göstərir ki, ölkədə formal olaraq unitar dövlət saxlanılsa belə, praktikada federalizmə yaxın sistem yarana bilər”.

V.Zifəroğlu hesab edib ki, ABŞ-nin Liviyada vahid dövlət qurmaq təşəbbüsünün arxasında müəyyən strateji məqsədlər dayanır:

“Burada əsas faktor enerji və geosiyasətdir. Liviyanın Afrikadakı ən böyük neft ehtiyatlarından birinə malik olması Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ anlayır ki, Yaxın Şərqdə mümkün müharibə riskləri və İran ətrafında artan gərginlik fonunda alternativ enerji mənbələrinin təhlükəsizliyi strateji məsələyə çevrilir. 

Liviyada xaosun davam etməsi isə neft hasilatını və ixracını daim risk altında saxlayır”.

Ekspert bildirib ki, regional güclərin bu prosesə münasibəti də ciddi faktordur:

“Rusiya ehtimal ki, bu prosesə tam qarşı çıxmayacaq, amma Liviyada təsir imkanlarını qorumağa çalışacaq. Moskva üçün əsas məqsəd Aralıq dənizində geosiyasi mövcudluğu saxlamaq və enerji layihələrində iştirak imkanlarını itirməməkdir.

Əgər yeni siyasi sistemdə Haftar ailəsi mühüm rol oynamağa davam etsə, Kreml müəyyən kompromisə gedə bilər. Misir də Liviyada şərq bölgəsinin Haftar ailəsinin nəzarətində qalmasını istəyən əsas aktorlardan biridir. 

Qahirə üçün əsas prioritet sərhəd təhlükəsizliyi və islamçı silahlı qrupların zəiflədilməsidir. Buna görə Misir ABŞ-nin təklif etdiyi modelə ümumilikdə müsbət yanaşa bilər. Çünki bu model şərqi Liviyada Misirin strateji maraqlarını qoruyur.

Türkiyə isə daha çevik siyasət yürütməyə çalışır. Ankara uzun müddət Tripoli hökumətini dəstəkləsə də, son illərdə Haftar düşərgəsi ilə də münasibətləri normallaşdırmağa başlayıb.

Türkiyənin əsas məqsədi Aralıq dənizində imzaladığı dəniz səlahiyyətləri sazişini qorumaq, Liviyadakı hərbi və iqtisadi mövcudluğunu saxlamaqdır. Əgər yeni siyasi sistem Türkiyənin bu maraqlarına toxunmasa, Ankara buna ciddi müqavimət göstərməyəcək. Hətta müəyyən şərtlərlə prosesə dəstək də verə bilər”. 

V.Zifəroğlu vurğulayıb ki, ABŞ-nin Liviyada əsas hədəfləri geosiyasi və geoiqtisadi maraqlara söykənib:

“Hazırda gedən proseslər də onu göstərir ki, Liviyada formalaşdırılmağa çalışılan yeni model klassik milli dövlət layihəsindən daha çox, geosiyasi balans üzərində qurulan idarəolunan sabitlik sisteminə bənzəyir.

ABŞ üçün əsas prioritet demokratik transformasiya deyil, enerji təhlükəsizliyi, Rusiyanın təsirinin məhdudlaşdırılması, Aralıq dənizi nəzarəti və regional sabitliyin təmin edilməsidir.

Lakin Liviyanın qəbilə strukturu, çoxsaylı silahlı qruplar və xarici güclərin rəqabəti səbəbindən bu layihənin uğuru hələ də tam təmin olunmuş hesab edilə bilməz”. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

 

Açar sözlər:

Tramp Vüqar Zifəroğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr