ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Məhz sülh prosesini başlayan Azərbaycandır və bu prosesə daha sonra Ermənistan müəyyən formada qoşulub. Lakin bu, hansı hadisələrin nəticəsində baş verib? Yumşaq desək, “dəmir yumruğun” təsiri nəticəsində biz görürük ki, Ermənistandan bəzən sülh gündəliyinə uyğun, bəzən isə ziddiyyətli bəyanatlar səslənir. Ona görə də müşahidə edirik ki, həm Avropada, həm də Ermənistanın özündə geniş bir təbliğat kampaniyası aparılır. Sanki Paşinyan ictimaiyyətə “sülh mələyi” kimi təqdim olunur. Bunun məqsədi təkcə imic yaratmaq deyil, həm də millətçilik üzərində formalaşmış bəzi tezisləri və mövqeləri, hətta müəyyən hədəfləri həyata keçirməkdən ibarətdir".
Redaktor.az xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.
"Biz bu məsələdə sadəlövh olmamalıyıq. İndiki mərhələdə sülhə onları müəyyən qədər məcbur edən əsas amil ondan ibarətdir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib. Lakin bu, hansı sərhədlər çərçivəsində olacaq bu məsələ hələ danışıqlar prosesində müəyyənləşəcək. Açıq desək, bu, müəyyən mənada Ermənistana təzyiqdir və bu təzyiq sülh naminə istifadə olunur. Əgər bu faktor olmasaydı, Ermənistanda və Paşinyan tərəfdən sülh yönlü bəyanatların şahidi olmazdıq. Ona görə də bu proseslərə diqqətlə yanaşmaq lazımdır. Hiss olunur ki, bəzi media qurumları Paşinyanı həddindən artıq ideallaşdırır, onu sanki sülhün əsas siması kimi təqdim edir. Lakin bu yanaşma reallıqdan uzaqdır və eyni zamanda, istər-istəməz qarşı tərəfin təbliğatına xidmət edə bilər. Bu isə düzgün mövqe deyil.
Ermənistan və Paşinyan rəhbərliyi sülh prosesinə müəyyən təsir və təzyiqlər nəticəsində gəlib. Bu təsir mexanizmləri davam edir və onların sülh istiqamətində hərəkətini şərtləndirir. Eyni zamanda biz görürük ki, həm Rusiyanın, həm də Fransanın bu proseslərə fərqli yanaşmaları və müəyyən təsir cəhdləri mövcuddur. Bunları aydın şəkildə dəyərləndirmək lazımdır. Ümumilikdə isə başa düşülməlidir ki, Ermənistanın real siyasi davranışını formalaşdıran əsas faktor Azərbaycanın yürütdüyü siyasət və sülh gündəliyidir. Əks halda, proseslərin öz axarına buraxılması sülhə gətirib çıxarmaya bilər".
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.