Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında ölkə iqtisadiyyatındakı mövcud vəziyyəti şərh edib.
Publika.az xəbər verir ki, Kremlin rəsmisi Rusiya iqtisadiyyatının dünya meyillərinə uyğun hərəkət etdiyini bildirib. O qeyd edib ki, digər ölkələrin iqtisadiyyatlarında da geriləmələr müşahidə olunur.
"Rusiya iqtisadiyyatı dünya bazarlarında müşahidə olunan dəyişkənlikdən tam sığortalana bilməz", - deyə Peskov vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya hökuməti növbəti üç il üçün ÜDM-nin artım tempinə dair proqnozlarını əhəmiyyətli dərəcədə azaldıb. Cari il üçün bu göstəricinin cəmi 0,4% olacağı gözlənilir.
Buna baxmayaraq, D. Peskov hökumətin atdığı addımlar sayəsində makroiqtisadi sabitliyin qorunduğunu və gələcəkdə iqtisadi artım templərinin yüksəldilməsinin planlaşdırıldığını qeyd edib.