AZ

Nazirlikdən hantavirusla bağlı AÇIQLAMA

"Son günlər beynəlxalq informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ictimaiyyətə bildirir ki, ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur".

Far.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi bəyan edib.

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir. Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarışmış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir.

Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və qurumla qarşılıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək.

Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır".

Seçilən
20
31
far.az

10Mənbələr