AZ

"“Ərəb baharı”ndan Fransa diqqətini Cənubi Qafqaza yönəltdi"

"Fransa formal olaraq İkinci Dünya müharibəsinin qalibləri sırasında yer alsa da, bir çox analitiklər onun real hərbi-siyasi rolunun ABŞ-nin Avropadakı əsas müttəfiqi kimi məhdudlaşdığını qeyd edirlər. Müharibədən sonrakı dövrdə isə Fransa xüsusilə Şimali Afrika və Məğrib regionunda neokolonial təsir mexanizmləri formalaşdırmağa başladı".

Redaktor.az xəbər verir ki, bu barədə tarixçi, alim, ekspert Rizvan Hüseynov MEDİA-nın təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada bildirdi.

Onun sözlərinə görə, bu siyasət əsasən üç istiqamətdə özünü göstərirdi:

"Birincisi, maliyyə nəzarəti idi: Fransa ilə əməkdaşlıq edən ölkələrdə valyuta və bank sistemləri üzərində fransız şirkətləri və maliyyə institutları mühüm rol oynayırdı. İkincisi, hərbi müdaxilə və güc amili idi ki, burada Fransa müxtəlif regionlarda hərbi əməliyyatlar və təsir vasitələri ilə mövqeyini qorumağa çalışırdı. Üçüncüsü isə həmin ölkələrdə Fransaya loyal siyasi elitaların formalaşdırılması idi. Son onilliklərdə, xüsusilə “Ərəb baharı”ndan sonra Yaxın Şərq və Afrikada baş verən proseslər Fransanın bu təsir imkanlarını xeyli zəiflətdi. Nəticədə bəzi regionlarda onun yerini Çin, Rusiya və qismən Türkiyə kimi aktorlar tutmağa başladı. Bu dəyişikliklər fonunda Fransa diqqətini müəyyən dərəcədə Cənubi Qafqaza yönəltdi. 2020-ci ildən sonra regionda yaranan geosiyasi dəyişikliklər və Rusiyanın təsir imkanlarının azalması bu boşluğu daha da artırdı. Ermənistan isə tarixən müxtəlif güclərin təsir dairəsində olan bir ölkə kimi bu prosesdə xüsusi rol oynamaqda davam edir.

Azərbaycan isə regionda öz mövqeyini gücləndirərək həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan liderlik iddiasını davam etdirdiyini bəyan edir. Bu kontekstdə ölkə Türkiyə, Pakistan və bəzi Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Eyni zamanda, Fransa ilə bağlı siyasi tənqidlər və qarşılıqlı diplomatik gərginliklər də gündəmdə qalır. Xüsusilə Ermənistan üzərindən bölgəyə təsir cəhdləri və hərbi əməkdaşlıq məsələləri tərəflər arasında fikir ayrılıqlarını daha da dərinləşdirir".

Xədicə BAXIŞLI

Seçilən
13
1
redaktor.az

2Mənbələr