AZ

Nə biz sərhədləri dəyişib köçüb gedirik, nə də qarşı tərəf Deputat

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz uzunmüddətli və dayanıqlı sülhü iki paralel istiqamətdə təsəvvür etməliyik. Bir tərəfdə siyasi xadimlər, imzalanan sazişlər və müqavilələr dayanır, digər tərəfdə isə bu razılaşmaların real həyatda özünü doğrultması, yəni vətəndaş cəmiyyəti səviyyəsində etimadın formalaşması və möhkəmlənməsi prosesi gedir. Bu, çox uzunmüddətli bir prosesdir. Burada nə biz sərhədləri dəyişib köçüb gedirik, nə də qarşı tərəf. Tarixdə də uzunmüddətli münaqişələr və müharibələr olub. Məsələn, Fransa–İngiltərə arasında "yüzillik müharibə" və ya Polşa təcrübəsi və digər nümunələr".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Prezident də bu məsələyə bir neçə dəfə toxunaraq qeyd edib ki, bir tərəfdən dövlətlərarası münasibətlər normallaşdırılır və dinc yanaşı yaşama prinsipi formalaşdırılır. Digər tərəfdən isə Azərbaycan nə Xocalını, nə Malıbəylini, Quşçuları, Başlıbeli, Ballıqayanı, Ədirnədə və digər yerlərdə baş vermiş kütləvi faciələri unutmur. Bu hadisələr həm yaddaşda qalmalı, həm də beynəlxalq müstəvidə öz hüquqi-siyasi qiymətini almalıdır. Bu prosesin bir tərəfi budur. Necə ki, Almaniya və digər Avropa ölkələrində keçmişdə yaşanan ağır tarixi mərhələlərdən sonra münasibətlərin normallaşdırılması mümkün olub, burada da tarixin obyektiv şəkildə araşdırılması mühüm rol oynayır.

Məsələn, mən Almaniyada magistr təhsili alarkən tarixi mübahisələri öyrənmişdim. Bu ərazi Fransa ilə Almaniya arasında uzun müddət mübahisəli olub. Hətta bir dövrdə Saarbrücken şəhərindən Fransaya qədər uzanan tramvay xətti mövcud idi. Bu, münaqişənin nə qədər dərin olduğunu göstərir. O dövrlərdə cəmiyyətdə çox sərt ifadələr və atalar sözləri belə işlədilirdi — məsələn, “ən yaxşı alman ölü almandır” və ya “ən yaxşı fransız ölü fransızdır”. Lakin zamanla bu yanaşmalar dəyişdi və qarşılıqlı reinteqrasiya və əməkdaşlıq mümkün oldu. Ona görə də dünyada müxtəlif modellər mövcuddur. Bizim şəhid ailələrinə və ümumilikdə şəhidlərimizə olan həssaslığımız isə xüsusi yer tutur — onlar bizim üçün canlarını qurban veriblər və bu yaddaş daim qorunmalıdır. Bu, hər birimizin mənəvi borcudur. Amma eyni zamanda dövlətlərarası münasibətlərin tələbləri, vətəndaş cəmiyyətinin rolu və beynəlxalq təcrübə nəzərə alınaraq, bu iki istiqamət paralel şəkildə davam etməlidir. Bütün çətinliklərə baxmayaraq, həm siyasi proses, həm də ictimai etimad quruculuğu eyni vaxtda irəliləməlidir", - deyə o bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr