2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Təhsil Tədqiqatları Şurası ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb.
Qeyd olunub ki, çərçivə sənədi qiymətləndirmənin nəyi və necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəd hesab olunur. Sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması zamanı vahid yanaşma, ardıcıllıq və şəffaflığın təmin edilməsinə xidmət edir.
Məlumata görə, bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq hazırlanacaq. Onlardan 2-si açıq yazılı tapşırıq olacaq. Həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarını ölçmək məqsədilə 3 şəkil əsaslı tapşırıq təqdim ediləcək.
Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulub. Bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan tapşırıqlar olacaq.
6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bu mərhələdə də 2 açıq yazılı tapşırıq yer alacaq.
Nazirlikdən bildirilib ki, 6-cı siniflərin riyaziyyat fənni üzrə sualların strukturu 4-cü siniflərdə olduğu kimi olacaq. Belə ki, 3 açıq tapşırıq həlli tələb olunmayan, 2 açıq tapşırıq isə həlli tələb olunan formada təqdim ediləcək.
Aşağıdakı keçidə daxil olaraq 4-cüvə 6-cı siniflər üzrə manitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz: https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf