Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev bildirib ki, rəqəmsal alətlərdən hər gün istifadə edən 5 yaşlı uşaqların təməl öyrənmə üzrə göstəriciləri daha zəifdir.
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, uşaqlar 5 yaşa qədər rəqəmsal alətlərdən istifadə etdikdə onların təməl öyrənməsində təhsil göstəricilərinin zəif olduğunu müşahidə edirik:
"Bu isə onu deməyə əsas verir ki, valideynlər bu məsələdə çox diqqətli, həssas olmalı və məsuliyyətlə yanaşmalıdırlar. Övladlarımıza erkən yaşda ağıllı telefonları, rəqəmsal alətləri, texnoloji vasitələri təqdim etsək, bu onların erkən yaşda bilik öyrənməsinə, təhsil əldə etmələrinə mane olacaq. Bu da, təbii ki, onların növbəti təhsil pilləsində təhsil göstəricilərinə ciddi mənada təsir edən faktordur".
Müsahibimiz vurğuladı ki, istər ibtidai təhsil, istərsə də yuxarı təhsil pilləsində həmin şagirdlər artıq elektron alətlərə, rəqəmsal vasitələrə üstünlük verdikləri üçün təhsil prosesindən yayınırlar və nəticə etibarilə onların akademik, ümumiyyətlə isə təhsil göstəriciləri aşağı olur:
"Bu da elə də ürəkaçan faktor deyil. Düşünəndə ki, artıq informasiya əsrində bu daha geniş arealı əhatə edir və bu şəkildə davam edərsə, növbəti illərdə şagirdlərin ümumilikdə təhsil göstəriciləri aşağı düşə bilər. Valideynlər övladlarını maksimum dərəcədə rəqəmsal alətlərdən uzaq tutmalıdırlar. Demirəm ki, onları tam təcrid etsinlər, amma uzaq tutmalıdırlar ki, daha çox təhsil istiqamətinə, kitaba və elmə maraqları oyansın".
Aytəkin TOFİQQIZI