AZ

Fransa Aİ-nin büdcə razılaşmasının sürətləndirilməsinə qarşı çıxır  

Fransa Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsi ilə bağlı danışıqların 2026-cı ilin sonuna qədər sürətlə yekunlaşdırılması üçün göstərilən təzyiqlərə boyun əyməyəcəyini bəyan edib.

“Politico”nun məlumatına görə, Nikosiya şəhərində keçirilən nazirlər toplantısında çıxış edən Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad bildirib ki, Paris büdcə sazişini istənilən qiymətə sürətləndirməyin əleyhinədir. Nazir vurğulayıb ki, Fransanın yeganə məqsədi ölkənin maraqlarını qoruyan, asılılıqları azaldan və “yaxşı” bir büdcə sənədi əldə etməkdir. Aİ rəsmiləri və Almaniya tərəfi büdcəni 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərindən əvvəl tamamlamağa çalışırlar. Qorxu budur ki, seçkilərdə sağçı “Milli Birlik” partiyası qalib gələrsə, Fransanın Aİ büdcəsinə töhfələrini azalda bilər.

Avropa Komissiyası 2028-2034-cü illər üçün kənd təsərrüfatı və müdafiə kimi prioritetlərə 1,8 trilyon avro xərclənməsini təklif edir. Lakin Fransa üçün bəzi məqamlar qırmızı xətt hesab olunur. Belə ki, Fransa öz fermerləri üçün güclü subsidiyaların saxlanılmasında israrlıdır. Seçkilər ərəfəsində Fransa əleyhinə görünən hər hansı bir büdcə razılaşması Prezident Makronun partiyası üçün siyasi risk deməkdir. Təkcə Fransa deyil, 2027-ci ildə İtaliya, İspaniya və Polşada da seçkilər planlaşdırılır ki, bu da danışıqları daha da mürəkkəbləşdirir.

Almaniya və Avropa İttifaqı Şurası prosesi bu ilin sonuna qədər bitirməyə çağırsa da, Benjamin Haddad razılaşmanın 2027-ci ilin ikinci yarısında da əldə oluna biləcəyini qeyd edib. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr