AZ

Rumıniya Senatında Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbir keçirildi

Musavat.com xəbər verir ki, mayın 12-də Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Rumıniya Senatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Rumıniya Parlamentinin Deputatlar Palatasının və Senatının üzvləri, parlamentdə təmsil olunan partiyaların fraksiya rəhbərləri, Rumıniya hökumətinin nümayəndələri, Rumıniyadan seçilmiş Avropa Parlamentinin deputatı, Rumıniyada akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və nümayəndələri, “SOCAR Petroleum SA” şirkətinin, “Yunus Emre” İnstitutunun Buxarest ofisinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi və əməkdaşları, ictimai-siyasi xadimlər, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan həmvətənlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib, daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə həyata keçirdiyi daxili və xarici siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Rumıniya Senatının prezidenti Mirça Abrudean çıxışında mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan ilə Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət verib. O, ötən il Azərbaycana baş tutan səfərini və Prezident İlham Əliyevlə səmimi görüşünü xatırladaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı fayda, dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib.

Senatın prezidenti Azərbaycanda müşahidə etdiyi hərtərəfli inkişafı, rifah və sabitliyi xüsusi vurğulayaraq, Cənubi Qafqazda Azərbaycan rəhbərliyinin səyləri nəticəsində bərqərar olan sülhün Avropa, o cümlədən Rumıniya üçün əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov ikitərəfli münasibətlərin yaxın keçmişinə toxunub, iki ölkə arasında enerji, logistika və digər sahələrdə həyata keçirilən birgə layihələrdən bəhs edib. O, həmçinin Rumıniya dövlətinə və xalqına Buxarest şəhərində Ulu Öndərin abidəsinin ucaldılmasına və xatirəsinin yaşadılmasına görə təşəkkürünü ifadə edib.

Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluğun möhkəmləndirilməsində əsas simalardan biri olduğunu qeyd edib.

“Heydər Əliyev Buxarest ilə Bakının yaxınlaşmasının strateji zəruriliyini anlayır, ölkəmizi regionda əsas tərəfdaş kimi qiymətləndirirdi. Bu irs bu gün də praqmatizm və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rumıniya-Azərbaycan münasibətlərinin gələcək inkişafına ilham verməyə davam edir”, – deyə Marian Neakşu bildirib.

Milli Məclisdə Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrdəki roluna toxunub, Rumıniya dostluq qrupunun üzvlərinin Qarabağda işğaldan azad olunmuş ərazilərə səfərini xatırladaraq, Rumıniya tərəfinin beynəlxalq təşkilatlar müstəvisində Azərbaycanın maraqlarını davamlı şəkildə dəstəklədiyini qeyd edib.

Avropa Parlamenti üzvü, Rumıniya Milli Mühafizəkar Partiyasının (PNCR) sədri Kristian Terheş çıxışında regionda, o cümlədən Ukrayna və İranda baş verən gərginliklər fonunda Orta dəhlizin əhəmiyyətinin daha da artdığını bildirib. O qeyd edib ki, bu layihə vaxtilə Ulu Öndərin irəli sürdüyü uzaqgörən strategiyaya əsaslanır.

Kristian Terheş vurğulayıb ki, Orta dəhliz Azərbaycan və Rumıniyasız mövcud ola bilməz və ölkəmizin önəmi artıq Avropada tam şəkildə dərk edilir. Onun sözlərinə görə, ikitərəfli əlaqələr Ümummilli Liderin qoyduğu təməl üzərində inkişaf edir.

Rumıniyalı senator Kristian-Auqustin Nikulesku-Tsıqırlaş çıxışında ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağa səfərini xatırlayıb. O, Qarabağda şahidi olduğu genişmiqyaslı bərpa-quruculuq işləri, dağıdılmış ərazilərin yenidən canlandırılması və müasir infrastrukturun sürətlə qurulması barədə yüksək fikirlər səsləndirib.

“İqtisadi sahədə Azərbaycan Respublikası Cənubi Qafqazda bizim ən mühüm tərəfdaşımızdır və bizi uzunmüddətli layihələr, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq birləşdirir”, – deyə senator bildirib.

Tədbirdə Rumıniya parlamentində AUR (“Rumınların Birləşməsi uğrunda Alyans”) fraksiyasının sədr müavini Nikolae Vlahu, Rumıniya müsəlmanlarının müftisi Murat Yusuf, Rumıniya İnformatika üzrə Araşdırmalar və İnkişaf Milli İnstitutunun (ICI) baş direktoru Adrian-Viktor Vevera və digərləri də çıxış ediblər.

Daha sonra Azərbaycan xalqının Ümummilli Liderinin zəngin və mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub. Tədbir iştirakçılarına Rumıniya Senatının foyesində Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb.

Sərgini Rumıniyada rəsmi səfərdə olan Moldova Parlamentinin sədri İqor Qrosu da ziyarət edib. O, Ulu Öndər Heydər Əliyev haqqında xoş fikirlər söyləyərək, onun Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna rolunu vurğulayıb.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

Musavat.com

Seçilən
35
10
musavat.com

10Mənbələr