AZ

Azərbaycan-Rumıniya münasibətləri: Parlament nümayəndə heyəti Buxarestdə  

Rumıniyada səfərdə olan Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Azərbaycan-Rumıniya Parlament Dostluq Qrupunun sədri Azay Quliyev ilə Rumıniya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Marian Neakşu başda olmaqla qrup üzvləri arasında bu ölkənin Senatında işgüzar görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycana səfərini məmnuniyyətlə xatırlayan M.Neakşu xalqlarımızı və ölkələrimizi qonaqpərvərlik və mehribanlıq kimi ortaq keyfiyyətlərin birləşdirdiyini qeyd edib. M.Neakşu Rumıniya parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun sədri vəzifəsinə ardıcıl olaraq parlament və hökumət rəhbərliyində təmsil olunan şəxslərin təyin edilməsini ölkəsinin Azərbaycana verdiyi önəmin göstəricisi adlandırıb. O, regionda mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq, iki ölkə arasında nəqliyyat, enerji və ticari əlaqələrin inkişafının zəruriyyətindən danışıb.

Milli Məclisin sədr müavini Z.Əsgərov Rumıniyaya və rumın xalqına Azərbaycanda böyük rəğbət hissi bəslənildiyini bildirib, iki dövlət arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Rumıniya Senatında konfransın keçirilməsinə verilmiş dəstəyə, eləcə də Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsinə görə Rumıniya dövlətinə və Senat rəhbərliyinə təşəkkürünü bildirib.

Parlamentlərarası dostluq qrupunun üzvü, deputat Adrian Solomon 2022-ci ildə Azərbaycanın azad olunmuş ərazilərinə ilk səfərindən bəhs edərək, burada qısa müddət ərzində həyata keçirilməkdə olan infrastruktur layihələrinin onu mütəəssir etdiyini, o cümlədən bir neçə ay ərzində istifadəyə verilmiş Füzuli hava limanının Rumıniyadakı müvafiq sektor üçün nümunə təşkil edə biləcəyini bildirib.

Azərbaycan-Rumıniya Dostluq Qrupunun sədri Azay Quliyev parlamentlərarası münasibətlərin inkişafı, dostluq qrupları arasında beynəlxalq müstəvidə əlaqərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı M.Neakşu istər parlamentlərarası əməkdaşlıq müstəvisində, istərsə də mənsub olduğu Sosial-Demokrat Partiyasının səviyyəsində Rumıniya-Azərbaycan münasibətlərinin inkişafına verdikləri tam dəstəyin bundan sonra da davam edəcəyini bəyan edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Buxarestdəki Tey Parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, büstün önünə gül dəstələri düzülüb.

Seçilən
0
2
azerbaijan-news.az

10Mənbələr