AZ

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub  

Mayın 12-də Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Rumıniya Senatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib, daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun dövlətçilik təcrübəsindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Rumıniya Senatının prezidenti Mirça Abrudean çıxışında mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycanla Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət verib. O, keçən il Azərbaycana baş tutan səfərini və Prezident İlham Əliyev ilə səmimi görüşünü xatırlayaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı fayda, dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib. Senatın prezidenti Azərbaycanda müşahidə etdiyi hərtərəfli inkişaf, rifah və sabitliyi xüsusi vurğulayaraq, Cənubi Qafqazda Azərbaycan rəhbərliyinin səyləri nəticəsində bərqərar olan sülhün Avropa, o cümlədən Rumıniya üçün əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov, Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Marian Neakşu, Azərbaycan Milli Məclisində Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev və digər natiqlər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluğun möhkəmləndirilməsində əsas simalardan biri olduğunu qeyd ediblər. Çıxışlarda ikitərəfli münasibətlərin yaxın keçmişinə toxunulub, iki ölkə arasında enerji, logistika və digər sahələrdə həyata keçirilən birgə layihələrdən bəhs edilib.

Sonra Azərbaycan xalqının Ümummilli Liderinin zəngin və mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub, həmçinin tədbir iştirakçılarına Rumıniya Senatının foyesində Ulu Öndərin xatirəsinə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

Seçilən
3
1
azerbaijan-news.az

2Mənbələr