BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların indiyədək ümumilikdə 29 milyard dollara başa gəldiyi açıqlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonda maliyyə nəzarətçisi vəzifəsini icra edən Culs Hörst ABŞ qanunvericiləri qarşısında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, sözügedən məbləğə hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin əməliyyat xərcləri daxildir.
Məlumatda qeyd olunub ki, açıqlanan rəqəm ötən ayın sonunda təqdim edilən ilkin hesablamadan 4 milyard dollar daha yüksəkdir. Bu isə münaqişənin ABŞ müdafiə büdcəsinə təsirinin gözlənildiyindən daha böyük olduğunu göstərir.
Ekspertlər bildirirlər ki, İranla bağlı hərbi əməliyyatların uzanması Vaşinqtonun müdafiə xərclərini artırmaqla yanaşı, enerji bazarları və qlobal iqtisadiyyat üzərində də əlavə təzyiq yaradır.