Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, son günlər respublikanın müxtəlif bölgələrində vəhşi heyvanların kəndlərə və təsərrüfatlara hücumlarının artması müşahidə edilir. Ayrı-ayrı rayonlarda vəhşi heyvanlar (canavar və s.) təsərrüfatlara hücum edərək heyvanları tələf edir və ya onlara ağır xəsarətlər yetirirlər. Hər il təkrarlanan və daha çox qış-yaz aylarında baş verən belə hallar vətəndaşlara, o cümlədən fermerlərə ciddi maddi ziyan vurur.
"Aqrar Sığorta Fondu (ASF) fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Belə ki, bu mexanizm vasitəsilə bitkiçilik və balıqçılıqla yanaşı, heyvandarlıq təsərrüfatlarını da sığortalamaq mümkündür.
Aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.