ain.az, Demokrat.az saytına istinadən bildirir.
Körpənin həyatının ilk aylarında qidalanma təkcə onun fiziki böyüməsinə deyil, həm də immun sistemi, beyin inkişafı və gələcək sağlamlığına birbaşa təsir göstərən əsas amillərdən biri hesab olunur. Müasir qidalanma vasitələri uşağın ehtiyaclarını böyük ölçüdə qarşılasa da, araşdırmalar ana südü ilə qidalanmayan uşaqlarda müəyyən sağlamlıq və inkişaf fərqlərinin daha çox müşahidə oluna biləcəyini göstərir.Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, ana südü körpə üçün yalnız qida mənbəyi deyil, eyni zamanda immun sistemini dəstəkləyən və inkişafı gücləndirən bioloji baxımdan zəngin müdafiə mexanizmidir:"Buna baxmayaraq, müxtəlif səbəblərdən bəzi körpələr ana südü ala bilmir və ya qismən qidalanır. Müasir süni qidalar uşaqların böyümə və inkişafını böyük ölçüdə təmin etsə də, elmi araşdırmalar ana südü ilə qidalanmayan uşaqlarda bəzi fərqlərin daha çox müşahidə oluna biləcəyini göstərir.Ana südünün tərkibində immunoqlobulinlər, laktoferrin və digər qoruyucu maddələr mövcuddur. Bu komponentlər xüsusilə həyatın ilk aylarında körpəni infeksiyalara qarşı qorumağa kömək edir. Ana südü almayan uşaqlarda tənəffüs yolu, qulaq və mədə-bağırsaq infeksiyaları bəzi hallarda daha tez-tez müşahidə oluna bilər.Ana südü faydalı bağırsaq bakteriyalarının inkişafını dəstəkləyir və mikrobiotanın daha balanslı formalaşmasına kömək edir. Ana südü ilə qidalanmayan bəzi körpələrdə köp, qəbizlik və həzm həssaslığı daha çox görülə bilər. Lakin düzgün seçilmiş süni qidalar və uyğun əlavə qidalanma ilə bu problemlərin əksəriyyətini idarə etmək mümkündür".Həkim deyib ki, araşdırmalar göstərir ki, ana südü xüsusilə allergiyaya meylli uşaqlarda müəyyən qoruyucu təsir göstərə bilər:"Ana südü almayan uşaqlarda atopik dermatit, qida allergiyası və astma riskinin müəyyən qədər yüksək ola biləcəyi bildirilir. Bununla belə, genetika və ətraf mühit faktorları da burada mühüm rol oynayır.
Ana südü körpənin aclıq və toxluq siqnallarının daha təbii formalaşmasına kömək edir. Süni qida ilə qidalanan bəzi uşaqlarda gələcəkdə artıq çəki və piylənmə riskinin bir qədər yüksək ola biləcəyi qeyd olunur. Ancaq balanslı qidalanma, aktiv həyat tərzi və düzgün ailə vərdişləri bu riskləri ciddi şəkildə azalda bilər.Ana südündə beyin inkişafı üçün vacib olan yağ turşuları və bioaktiv maddələr mövcuddur. Bəzi tədqiqatlarda ana südü ilə qidalanan uşaqlarda orta hesabla kognitiv göstəricilərin bir qədər yüksək olduğu qeyd edilir. Lakin uşağın zehni inkişafına təsir edən əsas amillər ailə mühiti, sosial stimulasiya, təhsil, yuxu və genetik xüsusiyyətlərdir. Yəni ana südü vacib amil olsa da, tək müəyyənedici faktor hesab edilmir. Uzunmüddətli araşdırmalar ana südü ilə qidalanmanın piylənmə, tip 2 diabet və bəzi ürək-damar xəstəlikləri riskinə qarşı müəyyən qoruyucu təsir göstərə biləcəyini ortaya qoyur. Amma bu fərqlər adətən nisbi xarakter daşıyır və həyat tərzi faktorlarından ciddi şəkildə asılı olur.Ən vacib məqam isə odur ki, ana südü ideal qidalanma sayılsa da, ana südü ala bilməyən uşaqların böyük hissəsi düzgün tibbi nəzarət, uyğun qidalanma, vaxtında vaksinasiya və sağlam ailə mühiti ilə tamamilə normal və sağlam inkişaf edə bilir. Valideynlərin özünü günahkar hiss etməsi doğru yanaşma deyil. Əsas məqsəd uşağın təhlükəsiz və yetərli qidalanmasını təmin etməkdir", - deyə o qeyd edib.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.