BAKI, 12 may. TELEQRAF
"Azərbaycanın Ukraynaya dəstəyini və İranla gərginliyi azaltmaq səylərini alqışlayırıq".
Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.
Diplomat son dörd ilin həm region, həm də dünya üçün çətin keçdiyini vurğulayıb.
O, Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi müdaxiləyə toxunaraq bildirib:
“Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsi artıq 1 531 gündən çoxdur ki, davam edir. Bu müddət ərzində Azərbaycanın Ukraynaya göstərdiyi siyasi və humanitar dəstəyi, eləcə də Prezident Volodimir Zelenskinin son səfəri ilə nümayiş etdirilən iki ölkə arasındakı artan əlaqələri səmimiyyətlə alqışlayıram”.
Səfir həmçinin Azərbaycanın cənub sərhədlərində baş verən gərginliklərə və rəsmi Bakının təmkinli siyasətinə diqqət çəkib:
“Son bir ildə iki dəfə Azərbaycanın cənub sərhədlərində gərginliyin şahidi olduq. Ardıcıl təxribatlara baxmayaraq, Azərbaycanın İranla münasibətləri idarə etmək və gərginliyi azaltmaq istiqamətindəki səylərini yüksək qiymətləndirirəm”.