AZ

Partiyadaşları Starmeri boğaza yığıblar

Britaniyanın baş naziri Keir Starmerin ölkəni 10 il idarə etmək arzusu puça çıxmış kimi görünür.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yerli seçkilərdəki sarsıdıcı məğlubiyyətdən sonra o, Leyboristlər partiyasına inamı bərpa etməyə cəhd edir, bu məqsədlə xarici və daxili siyasətin "yenidən qurulması"nı zəruri sayır.

Starmer Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirəcəyinə və polad nəhəngi British Steel şirkətini milliləşdirəcəyinə söz verib. Lakin öz partiyadaşları onun istefası tələblərindən əl çəkməyiblər.

Baş nazirin 11 maydakı emosional çıxışı vədlərlə dolu olub. Baş nazir postunu xilas etməyə çalışan Starmer gənc britaniyalıların vəziyyətlərini yaxşılaşdırmaq və onlara daha çox imkanlar yaratmaq üçün siyasətləri nəzərdən keçirmək planlarını açıqlayıb.

Baş nazirin ən vacib açıqlamalarından biri Avropa İttifaqı ilə münasibətlərə yeni bir yanaşma tətbiq etmək və Böyük Britaniyanı regionun "ən mərkəzində" yerləşdirmək vədi olub. Görünür, baş nazir qismən Aİ-yə qayıtmaq perspektivini ciddi şəkildə nəzərdən keçirir.

Starmerin 2024-cü ildə hakimiyyətə gəlməsi ilə Brüssel ilə yaxınlaşma və Mühafizəkarlar partiyasının iqtidarı tərəfindən kəsilmiş iqtisadi münasibətlərin qismən bərpası tendensiyası başlayıb.

Starmerin istefası əvvəllər də müzakirə olunub. Amma indi onun partiya yoldaşları kifayət qədər iş görüblər: 40-dan çox leyborist deputat onun lider və baş nazir vəzifəsindən uzaqlaşdırılmasını dəstəklədiklərini açıqlayıblar. Ötən həftə keçirilən yerli seçkilərin nəticələri leyboristlərə yalnız məyusluq gətirib: onlar təxminən 30 ildir partiyanın qalası olan Uels parlamentinə nəzarəti itiriblər.

Baş nazirin əsas rəqibləri səhiyyə naziri Ues Stritinq, baş nazirin sabiq müavini Angela Reyner və Mançester meri Endi Börnhemdir. Onlardan başqa, parlamentin sıravi üzvü Ketrin Vest də rəsmi olaraq Leyboristlər partiyasının lideri vəzifəsi uğrunda mübarizə aparmağa hazır olduğunu bildirib.

Musavat.com

Seçilən
5
4
musavat.com

5Mənbələr